İctimai Palatanın bu gün Səbayel rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində keçirdiyi etiraz aksiyasını hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də izləyib.
Modern.az bildirir ki, hadisə yerində olan hakim Yeni Azərbaycan Partiyasının üzvləri, deputatlar Mübariz Qurbanlı ilə Siyavuş Novruzov mitinqi aralıdan müşahidə ediblər.
Aksiyada çıxışları zamanı müxalif liderlərin mitinqə 10 min insanın gəldiyi barədə dediklərinə Siyavuş Novruzov münasibət bildirib. O, APA-ya verdiyi açıqlamada aksiyada çox az sayda vətəndaşın iştirak etdiyini deyib: “Mən özüm hazırda aksiya keçirilən ərazinin yaxınlığındayam. Burada o qədər az sayda adam var ki, gərək bu aksiyanın təşkilatçıları bu tədbir başlayan kimi istefa verib gedəydilər. Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaq başı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər”.
Modern.az