Ukraynada narıncı inqilabdan sonra keçirilən prezident seçkiləri qarşıdurma və zorakı aksiyalarla müşayiət olunmaqdadır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilk qarşıduma hadisəsi Donetsk vilayətində müşahidə olunub. Seçkilərin gedişini izləmək üçün vilayətə gəlmiş gürcü müşahidəçilərindən ikisi prezidentliyə namizəd Viktor Yanukoviçin seçki qərargahının üzvləri tərəfindən döyülüb. Sonradan məlum olub ki, döyülən müşahidəçilər Gürcüstanın “İmedi” telekanalının jurnalistləridir. Xatırladaq ki, Ukrayna mətbuatı Gürcüstan prezidenti Mixail Saakaşvili və Yuliya Timoşenko arasında gizlin razılaşma olduğuna dair məqalə dərc edib. Bu razılaşmaya görə, Kiyevə Timoşenkonun hakimiyyətə gəlişini təmin etmək mqsədilə gürcü “spesnaz”ı göndəriləcək. Timoşenkonun seçki kampaniyasının dəstəklənməsi üçün narıncı xanımın Saakaşvili ilə razılaşma əldə etdiyi də bildirilib. Bu məlumatlara görə, Ukraynada 2 mindən artıq qeydiyyatdan keçməmiş gürcü müşahidəçisi var. Əgər prezident seçkisində Timoşenko məğlub olarsa, gürcü “spesnaz”ı Ukraynada Konstitusiya qaydalarını bərpa edəcək. Regionlar partiyası gürcü OMON-çular barədə məlumtların yoxlanması tələbi ilə Ukraynanın Baş prokuroluğu, Daxili İşlər Nazirliyi və digər strukturlara müraciət edib. Prezident Viktor Yuşşenko isə gürcü OMON-u barədə deyilənləri təkzib edərək qeyd edib ki, Ukraynada bir sıra siyasilər Gürcüstan və gürcü xalqını manipulyasiya alətinə çeviriblər. Yenidən prezident seçiləcəyinə əminliyini ifadə edən Yuşşenko Gürcüstanın Ukraynanın daxili işlərinə qarışımadığını bildirib. Bu gün Luqansk vilayətində yerli məntəqələrdən birində yanğın baş verib. Yuliya Timoşenko bu məntəqə üzrə seçkinin nəticələrinin ləğv olunacağını bildirib. Ukrayna MSK-sı seçkilərdə ciddi qanun pozuntularının olmadığını desə də, Daxili İşlər Nazirliyi Donetskdə 400-ə yaxın qanun pozuntusuna dair müraciətlər aldığını bildirib.
Regionlar partiyasının Donetsk nümayəndəliyi bildirib ki, Donetskdə olan Gürcüstan vətəndaşlarının məramları bəlli deyil. Regionçular müşahidəçi qismində vilayətə gürcü OMON-nun yeridildiyini bildiriblər. Prezidentliyə namizəd Yuliya Timoşenko jurnalistlərin döyülməsi faktını pisləyib, Regionçuların namizədi Viktor Yanukoviç isə prezident Mixail Saakaşviliyə telefonla zəng edərək gürcü müşahidəçilərin geri çağırılmasını xahiş edib.