Bu gün İstanbul polisi Sultanqazi Esentepe məhəlləsinə narkotik maddə qaçaqçılığı şübhəsi ilə basqın təşkil edib. Türk mediasına istinadən Modern.az xəbər verir ki, çoxlu sayda çevik polis əməkdaşlarının qatıldığı əməliyyata helikopter vasitəsilə havadan da dəstək verilib. Ərazidəki bütün mənzil və avtomobillər qarış-qarış axtarılsa da, axtarılan narkotik maddə tapılmayıb.
Lakin bu əsnada ağıla gəlməyən cinayətin üstü açılıb. Polislərin ərazidə axtarış aparmasına etiraz edən sakinlər asayiş keşikçilərinə daş-kəsək yağdırmağa başlayıb. Buna müdaxilə edərək 9-u qadın olmaqla, 36 nəfəri saxlayan polis acınacaqlı durumu ortaya çıxarıb.
Qarşılarına çıxan 13 və 14 yaşlarında iki qız uşağının zorla ərə verildiyini öyrənən polis bu istiqamətdə araşdırmanı davam etdirib. Məlum olub ki, onlardan biri dünən özü yaşda bir oğlan uşağı ilə zorla evləndirilib, digəri isə bir müddət öncə özündən qat-qat böyük olan kişiyə ərə verilib və hazırda 4 aylıq hamilədir. Hər iki qız uşağı və onların valideynləri Polis İdarəsinə aparılıb.
Tural