Fevralın 23-də Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına məlumat verib ki, binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.
Sonra dövlət başçısı İkinci Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verib.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub, yeni mənzillərin və avtomobillərin sahiblərini təbrik edib.