Modern.az

Koroğlu Keçəl Həmzəylə birgə “El” Hərəkatına yazılacaq

Koroğlu Keçəl Həmzəylə birgə “El” Hərəkatına yazılacaq

Təhsil

13 Aprel 2013, 12:44


Həftənin subyektiv icmalı

İstirahət günü gəlib çatdı, dostlar. Adəti üzrə bu həftəsonu da subyektiv fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Əslində, bu həftə də digər həftələr kimi dəyişkən keçdi. Havanın tutqun keçməsinə baxmayaraq, şiddətli yaz yağmuruna tuş gəlməyən paytaxtın siyasi arenasını soyuq söz küləkləri öz ağuşuna aldı.

Vaxt vardı oxuduğumuz nağıllardakı uçan xalçaların sehrinə qapılıb özümüzü buludların arasında hiss edərdik. Gerçək olacağını xəyal belə etməzdik. Sözümün canı var. Yazını sonuna qədər oxusanız, nə demək istədiyimi biləcəksiniz.

“El” elə arxalanır

Bu həftə “El” Hərəkatının rəhbəri Eldar Namazovun prezidentliyə namizəd olacağı xəbəri yayıldı. “Mənim qərarım var. Son günlər baş verən hadisələr qərarımı tam dəqiqləşdirdi. Prezidentliyə namizəd olacağam”. Qərarını son günlər baş verən hadisələrə əsasən dəqiqləşdirməyə diqqət çəkən Eldar Namazov çox güman ki, nə vaxtsa yaradılacaq Milli Şuraya böyük ümidlərlə baxır. Əlbəttə, yaşadığımız zəmanə bığıburma Koroğlunun əsri deyil ki, meydanda təkbaşına at oynatmaq mümkün olsun.

Ümidini itirməyən ağdabanlılar

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndinin erməni vandalları tərəfindən yerlə-yeksan edilməsindən 21 il keçdi. Xocalı soyqrımından sonra növbəti vəhşilik hadisəsini törədən ermənilər 67 nəfəri qətlə yetirib, 7 nəfər qadını və 2 azyaşlı uşağı diri-diri odda yandırıblar. Təəssüf ki, dünya ictimaiyyəti erməni vandalları tərəfindən vəhşicəsinə həyata keçirilən Ağdaban hadisələrindən xəbərsizdir. Tarix isə baş verən hadisələrdən bixəbər deyil. Sonda can verən ümid olduğu üçün, ümidimizi hələ itirməmişik.

Ana Gülərin bala həsrəti

Bu həftə dəmir barmaqlıqlar arasından gələn xəbər Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəkili Raqif Mustafayev tərəfindən vəsatət qaldırılması ilə yadda qaldı. “Bu mənim öz fikrimdir. Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracağam, amma vəsatətin təmin olunması ehtimalı çox azdır. Çünki bizim məhkəmələrin hamısının necə işləməsi hamıya məlumdur. Vəsatət qəbul olunmasa, Apellyasiya Məhkəməsinə verəcəyəm”. Raqif bəy, vəsatətin qəbul olunub-olunmamasına məhkəmə qərar verəcək. Gülər xanıma gəlincə, xüsusilə azyaşlı övladından ötrü ürəyi yaman darıxır. Ürək döyüntüləri məhbus divarları arasından eşidilir. Gülər xanım, ana olmasam da, insan olaraq, sizin hisslərinizi çox yaxşı anlayıram. İnsan sevdiklərindən, doğmalarından ötrü darıxarkən uzatdığı əlin onlara çata bilməməsi dəhşətdir.

Ağa iranlıların ağalıq sevdası

Odlar Yurdunun üzərinə İran dövlətindən təhdid oldu. Daha doğrusu, İran-Azərbaycan münasibətləri ilə bağlı yayılan bir xəbər hər iki tərəfi söz müharibəsinə sövq etdi. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan müqavilənin bitdiyini əsas gətirən İran parlamentinin bir neçə deputatı Türkmənçay müqaviləsinə yenidən baxılması və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirildiyini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. Absurd səslənən fikirlərə tarix elmləri doktoru Cəmil Həsənlidən cavab gəldi: “İranlı deputatlar tarixi yaxşı bilmədiklərindən belə mənasız işlərlə məşğul olurlar”. Əslində, İran dövləti birinci dəfə deyil ki, Azərbaycana qarşı əks cəbhədə dayanır. Dini bir olan iranlı qardaşlarımızın qəfil yuxudan ayılıb ağıllarına gələni çeynəyib sözə çevirmələrinə, bir növ, adət etmişik. Əsassız iddialar səsləndirməklə regionda nəyə nail olmaq istəyirlər? Növbəti həftələrdə biləcəyik.

Kosmosa ilk uçuşdan 52 il sonra

İnsan övladının kosmosa ilk uçuşundan 52 il keçdi. 1961-ci il aprelin 12-ini Yuri Qaqarin tarixə yazdı. Yuri baba ilk dəfə Yer kürəsi ətrafında dövrə vurarkən sevincinin həddi-hüdudu yox idi. Çünki kosmosa ilk uçuş tarixində ilk idi. İndi isə vəziyyət kökündən yox, kökünü dəyişib. Yerlə göy arasındakı məsafə yaxın olduğundan belə getsə, yerdəkilərin bitib-tükənməyən söz davasına göydə xitam veriləcək. Baxır yerdən göyə atılan bombanın gücünə...

Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı