Modern.az

Dünyanın diqqəti Bakıda: AQEM sammitinə qatılacaq LİDERLƏR

Dünyanın diqqəti Bakıda: AQEM sammitinə qatılacaq LİDERLƏR

Analitika

Bu gün, 17:03

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçiriləcək. Azərbaycanın ev sahibliyi edəcəyi sammitdə Asiyanın müxtəlif bölgələrini təmsil edən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.

Modern.az xəbər verir ki, sammit ərəfəsində bir sıra ölkələr nümayəndə heyətlərinə kimin rəhbərlik edəcəyini açıqlayıb. 

Bakıya gələn və səfəri təsdiqlənən liderlər

Hazırda Laos Prezidenti Thonqlun Sisulit, İsrailin prezidenti İshaq Herzoq, Kmboca krallığının Baş naziri Hun Manet Bakıdadırlar. AQEM sammiti ərəfəsində Azərbaycanla Laos arasında yüksək səviyyəli təmasların başlanğıcı olub. Kambocanın Baş naziri Hun Manet də artıq Azərbaycandadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan prezidenti Sadır Japarovun  oktyabrın 14–15-də Azərbaycana işgüzar səfərdə olacaqları və AQEM-in sammitində iştirak edəcəkləri rəsmi şəkildə elan edilib. Rusiya xarici işlər naziri Sergey Lavrovun da oktyabrın 15-də keçiriləcək görüşə qatılacağı təsdiqlənib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sammitdə AQEM-in gələcək inkişafı və Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Türkiyə xarici işlər naziri Hakan Fidan, İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi də tədbirdə iştirak edəcəklər. 

Çin, Pakistan və digər ölkələrdən kimlər qatılacaq?

Sammit ərəfəsində bir sıra digər ölkələrin də yüksək səviyyədə təmsil olunacağı barədə məlumatlar yayılıb. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərarın AQEM sammitində iştirak edəcəyi ölkənin Bakıdakı səfirliyi tərəfindən təsdiqlənib.
Fələstini isə sammitdə xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahin təmsil edəcək. Bu barədə oktyabrın 13-də məlumat yayılıb. Bundan başqa, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçin daha əvvəl verdiyi məlumata görə, ölkənin nümayəndə heyətinə parlamentin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko rəhbərlik edəcək. Çin və Pakistanın da sammitdə yüksək səviyyəli təmsilçiliyi gözlənilir. 

Bütün Mərkəzi Asiya liderləri Bakıda olacaq?

AQEM-in baş katibi Kayrat Sarıbay oktyabrın 1-də mediaya açıqlamasında sammitdə çoxsaylı dövlət və hökumət başçılarının iştirakını gözlədiklərini bildirib. O, Mərkəzi Asiya ölkələrinin liderlərinin zirvə görüşünə qatılacağına ümid etdiyini, Asiyanın digər bölgələrindən də yüksək səviyyəli nümayəndələrin iştirakı ilə bağlı müsbət məlumatların olduğunu söyləyib. Oktyabrın 8-də Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün yekun bəyanatında da Bakıda keçiriləcək AQEM sammitinə hazırlıq işləri yüksək qiymətləndirilib. Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı isə dəqiq elan edilməyib.

Bakıda hansı məsələlər müzakirə olunacaq?

AQEM-in rəsmi məlumatına görə, sammit dövlət və hökumət başçılarını, üzv və müşahidəçi dövlətlərin nümayəndələrini, eləcə də müşahidəçi və tərəfdaş təşkilatları bir araya gətirəcək. Görüşün əsas məqsədləri Asiyada dialoqun, qarşılıqlı etimadın, sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, həmçinin ortaq problemlərin həllində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Kayrat Sarıbayın əvvəlki açıqlamasına əsasən, sammit çərçivəsində siyasi bəyannamənin, tematik sənədin və bir sıra institusional qərarların qəbul edilməsi gözlənilir.

Əvvəlki sammitlərdə hansı liderlər iştirak edib?

AQEM-in əvvəlki zirvə görüşləri də yüksək səviyyəli beynəlxalq təmsilçiliklə yadda qalıb. 2019-cu il iyunun 15-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən V Zirvə Görüşündə Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də daxil olmaqla, çoxsaylı dövlət və hökumət başçıları iştirak ediblər. Azərbaycanı həmin vaxt baş nazir vəzifəsini icra edən Novruz Məmmədov təmsil edib.

2022-ci il oktyabrın 12–13-də Astanada keçirilən VI Zirvə Görüşündə isə Azərbaycan Prezidenti İlham Əliyev, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi, Şavkat Mirziyoyev və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

Bakıda keçiriləcək VII Zirvə Görüşü AQEM-in Azərbaycanda dövlət və hökumət başçıları səviyyəsində təşkil olunan ilk sammiti olacaq.

Qeyd edək ki, AQEM 1992-ci ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb. Hazırda təşkilata 28 üzv dövlət var. Bunlar Azərbaycan, Əfqanıstan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qətər, Cənubi Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnamdır. Belarus, İndoneziya, Yaponiya, Laos, Malayziya, Filippin, Səudiyyə Ərəbistanı, Türkmənistan, Ukrayna və ABŞ isə təşkilatın müşahidəçi dövlətləridir. AQEM-in müşahidəçi təşkilatları sırasında isə BMT, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT, Ərəb Dövlətləri Liqası və Türkdilli Dövlətlərin Parlament Assambleyası var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir