Gürcüstanın baş naziri Bidzina İvanişvili Rusiya xarici işlər naziri Sergey Lavrovun ittihamlarına sərt cavab verib. Modern.az-ın məlumatına görə, İvanişvili 2008-ci ildə baş verən Gürcüstan-Rusiya müharibəsinə toxunaraq rəsmi Moskvanı təcavüzkarlıqda günahlandırıb.
“Gürcüstan heç vaxt başqa bir dövlətin ərazisində hücum etməyib. Əksinə suveren bir dövlət olaraq Rusiyanın təcavüzünə məruz qalıb. Biz Rusiyanın bu təcavüzünə haqq qazandırmırıq. Məsələ tam qərəzsiz, ədalətli yanaşmaq lazımdır. Bu müharibə ilə bağlı qarşı tərəfə bir neçə sual vermək lazımdır”
Baş nazir daha sonra həmin münaqişə ilə bağlı araşdırmanın aparılmasının, hətta ölkə prezidentinin də başda olmaqla günahsız insanların ölümünə görə cavab verməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiyanın baş diplomatı Sergey Lavrov mətbuata açıqlamasında Rusiya-Gürcüstan münasibətlərinin pozulmasından prezident Mixail Saakaşvilini ittiham edib. Lavrov Abxaziyanın tarixən Gürcüstana məxsus olmadığını, Sovetlər dönəmində bu ərazilərin onlara Stalin tərəfindən verildiyini qeyd edib.
“Biz hamımız bilirik ki, sovet dönəmində Abxaziya Gürcüstanla eyni hüqüqlara malik, eyni statuslu olanda onlarla necə rəftar edilirdi. Sonra isə Stalin Abxaziyanı gürcülərə verdi. Lakin Georgiyevski traktatının özü gürcülərin rus taxtına üz tutaraq himayədarlıq dilədiklərinin sübutudur”.
A.RÜSTƏMOV