“Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Gədəbəy rayonu və İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov haqqında əsassız və qərəzli yazılar dərc olunur”. Bu barədə “Azadinform”a bir qrup Gədəbəy rayon sakininin göndərdiyi müraciətdə deyilir.
Müraciətdə bildirilir ki, bir ildir icra başçısı təyin olunan Ramiz Yediyarovun işlədiyi müddətdə rayonda ictimai-siyasi vəziyyət sabit olub, tikinti-quruculuq işləri geniş vüsət alıb. Hər həftə təsdiq olunmuş qrafikə əsasən R.Yediyarovun ayrı-ayrı kəndlərdə əhali ilə keçirdiyi görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlərin yerindəcə həlli insanların ölkə prezidentinə olan inamını daha da artırıb:
“Son bir ildə Prezident İlham Əliyevin Gədəbəyə qayğısı nəticəsində rayonun Slavyanka, Novosaratovka, 1 saylı Qoşabulaq kənd tam orta məktəbləri tikilərək istifadəyə verilib, Samanlıq və Arıqdam kənd tam orta məktəblərində surətli tikinti işləri aparılır, Moruxlu və İsalı kənd tam orta məktəblərində tikinti işlərinə başlamaq üçün hazırlıq mərhələsindədir”.
Müraciətdə qeyd olunur ki, məhz dövlət başçısının tapşırığı əsasında rayon üçün strateji əhəmiyyətə malik olan, 70 kəndin əhalisinin və ərazidə yerləşən “N” saylı Hərbi Hissənin istifadə etdiyi Novosaratovka kəndində “Fındıqlı” çayı üzərində olan uzunluğu 84 p/m olan körpü yenidən tikilib istifadəyə verilib, Gədəbəy şəhərinin girəcəyində “Çolpan” çayı üzərində uzunluğu 84 p/m olan nəhəng körpüdə son tamamlama işləri aparılır:
“Məhz Prezident İlham Əliyevin göstərişlərinə əsasən uzun illər gədəbəylilərin arzusunda olduğu 56 km uzunluğunda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunda hazırda da tikinti işləri davam etdirilir. Eyni zamanda sərhəd bölgəsində yerləşən kəndlərin də qazlaşdırılması işləri aparılır. Bütün bunlar rayon əhalisinin, eləcə də sərhəd bölgəsində yaşayan əhalinin sevincinə səbəb olub. Son bir il ərzində Düzyurd-Dəyəqarabulaq, Düzyurd-Miskinli, Gərgər-Şəkərbəy avtomobil yolları təmir edilib, şəhərin küçə və səkiləri genişləndirilərək əsaslı təmir olunub”.
Müraciətdə bildirilir ki, hazırda yol kənarında yerləşən yöndəmsiz ticarət obyektlərindən 15-i yenidən müasir tələblər səviyyəsində qurulmaqdadır, həmçinin rayon rəhbərliyinin təşəbbüsü ilə tikinti materiallarının satışı üçün şəhərin kənarında yeni satış mərkəzi açılıb.
Gədəbəydə mərkəzi bazarla bağlı gedən yanlış informasiyalara münasibət bildirən müraciət müəllifləri qeyd ediblər ki, hazırda şəhərin kənarında müasir tələblərə cavab verən yeni bazar tikilməkdədir: “Ümid edirik ki, yeni bazar avtomobil tıxaclarının qarşısını alacaq, antisanitar vəziyyəti aradan qaldıracaq. Görünür rayonda ictimai sabitliyi gözü götürməyən bəzi ünsürlər bazar məsələsindən bir alət kimi istifadə etməyə cəhd göstərirlər”.
Modern.az