
Modern.az saytının məlumatına görə, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid ictimaiyyətə müraciət edib. Baş redaktor bildirib ki, “Azadlıq” qəzeti yenə də problemlərlə üz-üzədir. Qəzetin bank hesabına həbs qoyulub, satışdan gələn vəsaiti ona vermədikləri az imiş kimi, indi də ümumiyyətlə satışı üzərində əngəllər, qadağalar qoyulub.
”Biz həmişə olduğu kimi topluma səslənirik” deyən baş redaktor qəzeti xilas etməyə çağırıb.
”Bu müraciəti etməkdən çəkinmirik! Həmişə, hər gün məmləkətin vicdanlı adamlarına müraciət etməkdə özümüzü haqlı sayırıq! Azadlıq uğrunda mübarizə hər kəsin, azad olmağa layiq olanların hamısının işidir. Bu mübarizənin yolu "Azadlıq" qəzetinin varlığından keçir”.
Q.Zahid deyib ki, hakimiyyət qəzeti məhv edilməsi üçün çalışır. “Bu qəzeti qorumaq demokratiya və insan haqlarını dəyər hesab edən hər kəsin bir nömrəli vəzifəsi olmalıdır. "Azadlıq"ı itirmək azadlıq uğrunda savaşda mühüm bir yüksəkliyi itirməkdir!” deyə o, bildirib.
Modern.az