
“Yay mövsümündə meşələrdən odun tədarükü edilməyə başlanılır. Cari ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kökü üstə qurumuş, xəstə, yaşı ötmüş və meşələrin tör-töküntülərdən təmizlənməsi hesabına 45 min kub metr həcmində odun tədarükü nəzərdə tutulub”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov deyib. O, qeyd edib ki, nəzərdə tutulan odun tədarükü rayon icra hakimiyyətlərinin bölgüsü əsasında əsasən dağ regionunda yerləşən qazlaşdırılmayan kəndlərə vətəndaşların payız-qış aylarında istifadəsi üçün nəzərdə tutulub.
“Qazlaşdırmayan dağ kəndləri deyəndə Lerik, Astara, Gədəbəy, Tovuz, Zaqatala, Oğuz, Şəki, Yardımlının dağ kəndləri nəzərdə tutulur. Meşələrin 85 faizi dağ regionunda yerləşir. Nəzərə alsaq ki, ölkənin 80 faizi qazlaşdırılıb, orada məhdud sayda dağ kəndləri qalıb ki, onlara da təhsil və səhiyyə müəssisələri də daxil olmaqla kənd əhalisi odunla təmin edilir”.
Buna baxmayaraq, S. Salmanov az da olsa meşələrin qırılması hallarının mövcud olduğunu bildirib. Lakin o, 5 il əvvəllə müqayisədə bu sahədə kifayət qədər azalmanın müşahidə edildiyini bildirib. “Bu, ölkəyə ağac və ağac məhsullarını idxalının artması nəticəsində olub. Eyni zamanda nazirlik tərəfindən də mütəmadi olaraq reydlər keçirilir, əhali maarifləndirilir və cərimələr tətbiq edilir. Bunun da nəticəsidir ki, son vaxtlar qanunsuz ağac kəsilməsi halları xeyli azalıb”.
Sektor müdiri Azərbaycanda alternativ yanacaqdan istifadənin az olduğunu bildirib.
“Məsələn, Azərbaycana daş kömür az gətirilir. Bu isə daş kömürə qoyulan gömrük və vergi xərcləri səbəbindədir. Nazirlik olaraq bununla bağlı hökumətə təkliflərimizi vermişik. Amma hələlik bir nəticə yoxdur ki, həmin güzəştlər tətbiq olunsun. Eyni zamanda təklif irəli sürümüşük ki, qaz olmayan yerlərdə dizel yanacağından istifadə də odundan istifadədən sərfəlidir. Soba yanacağı üçün 150 litr yanacaq tələb olunur. Bu isə 45 qəpik edir. Təxminən bir qış ayı üçün ailənin soba yanacağından istifadəsi 60 manata başa gəlir. Amma odun yanacağından istifadə bir qış ayı üçün 90-95 manat edir. Soba yanacağı iqtisadi baxımdan sərfəlidir, eyni zamanda meşələrə edilən təzyiqin azalmasına səbəb ola bilər”.
Aytən ƏLİYEVA