Modern.az

Telejurnalist: "Gəlinimizin ölümünə bais olan həkimlərlə bağlı Baş Prokurorluğa müraciət edəcəyik"

Telejurnalist: "Gəlinimizin ölümünə bais olan həkimlərlə bağlı Baş Prokurorluğa müraciət edəcəyik"

Təhsil

26 Oktyabr 2013, 11:45

Azərbaycanda doğuş zamanı daha bir ana ölümünün baş verməsi səhiyyə sahəsini silkələdi. Budəfəki bədbəxt hadisə nəticəsində bir müddət öncə Sumqayıtdakı 1 saylı Doğum evində əməliyyat olunduqdan sonra Respublika Kliniki Xəstəxanasına gətirilən 26 yaşlı ana ölüb. Dünən gecə baş verən, birinci və sonuncu olmayan ana  ölümündə hələ ki, heç bir həkim məsuliyyətə cəlb edilməyib.

Qeyd edək ki, həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişən 26 yaşlı Pərvinə Hüseynova ANS telekanalının əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşıdır.

Telejurnalist Modern.az-a hadisənin təfərrüatları barədə danışıb. O bildirib ki, Sumqayıtdakı 1 saylı Doğum evində yol verilən həkim səhlənkarlığı ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklər.

Afət Telmanqızının dediyinə görə, heç bir səbəb gətirilmədən qeysəriyyə kəsiyi ilə doğuş aparılıb. “Doğuşdan 3 gün sonra Pərvinə Hüseynovanın halı pisləşdi. Sonra məlum oldu ki, əməliyyat zamanı sidik kisəsini zədələyiblər. Daxildə kist qalığı qoyublar. Onun halı da buna görə pisləşdi. Bütün bədəni zəhərləndi. Xəstəni Respublika Kliniki Xəstəxanasına təcili tibbi yardım maşını ilə gətirdik. Orada daxili zədələnmə faktı təsdiqləndi. Pərvinə Respublika Kliniki Xəstəxanasında 3 dəfə əməliyyat olundu. Üçüncü əməliyyatdan sonra komaya düşdü. Səkkiz gün komada qaldı”.

Telejurnalist bildirib ki, 26 yaşlı gəlinin ölümünə həkim səhlənkarlığı, savadsızlığı səbəb olub.

 

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı