Sabah oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. 23 namizədin mübarizə aparacağı seçki prosesində ”Gürcü Arzusu” partiyasından Georgi Marqvelaşvili, “Vahid Milli Hərəkat”dan Georgi Bakradze və “Vahid Gürcüstan” partiyasından Nino Burcanadze qələbəyə daha şanslı sayılırlar. Bəs Borçalı azərbaycanlıları hansı namizədə səs verəcək?
Platformasında azərbaycanlılara vədlər verən namizəd varmı?
Modern.az saytı bununla bağlı “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin fikirlərini öyrənib. Onun fikrincə, əsas məsələ seçkilərin demokratik keçirilməsidir.
“Gürcüstanda prosesin özü bizə önəmlidi, yəni qalib şəxsin adının, soyadının kimliyinin önəmi yoxdu. Əgər seçkilər demokratik keçiriləcəksə, həm azərbaycanlılar, həm Gürcüstan, həm də region üçün müsbət sonluq olacaq. Seçkilərin əvvəkilərinə nisbətən daha demokratik olacağını gözləyirik. Kimliyindən asılı olmayaraq qalib gələn şəxsi təbrik edəcəyik. Bizim namizəd demokratiyadır”.
Borçalı azərbaycanlılarının siyasi görüşlərinə gəlincə, Z.Məmmədli əsas namizədlərin hər birini dəstəkləyən qüvvələrin olduğunu bildirib. Zəlimxan Məmmədli azərbaycanlıların fikirlərini ifadə edəcək vahid orqanın olmadığını əlavə edib.
“Borçalı azərbaycanlıları arasında müxtəlif cərəyanlar var. Ayrı-ayrı siyasi partiyalarda təbliğ olunan şəxslər öz namizədlərinin təşviqini aparırlar. Həm Marqvelaşvilini, həm Bakradzeni, həm də Burcanadzeni dəstəkləyən qüvvələr var. O model yoxdur ki, onun strukturunda qəbul edilən qərar azərbaycanlı icmanın mövqeyini ifadə etsin. Bunun üzərində düşünürük ki, icmanın gələcək təşkilatlanması və müxtəlif məsələlərlə, dövlətçiliklə bağlı mövqe ifadə edən stuktura çevrilsin. Ayrı-ayrı siyasi partiyalarda təmsil olunurlar və bir də qeyri-hökümət sektorunda fəaliyyət göstərirlər. Lakin onların icmanı ifadə etmək hüququ yoxdur”.
Zəlimxan Məmmədli deyir ki, bütün namizədlərin platformalarında milli azlıqlarla bağlı bəndlər olsa da, Gürcüstan azərbaycanlılarını narahat edən məsələlərlə bağlı müddəalara rast gəlməyib.
“Hər bir namizədin milli azlıqlarla bağlı vədləri var. Lakin biz borçalıların müəyyən problemləri var ki, onları platformada görmək istəyirdik. Soydaşlarımıza həssas yanaşmaları üçün hökümtətin başçısı İvanişviliyə və prezident Mixail Saakaşviliyə müraciət etdik. Amma konkret heç bir namizədin platformasında toponimlərin dəyişdirilməsi və torpaq islahatlarında yol verilən qanunsuzluqların aradan qaldırılmasına rast gəlmədim. Bəlkə də var, amma mənim diqqətimi cəlb etməyib”.
Vüqar İsmayılov