Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Məmməd Əhmədzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilir.
ABŞ prezidenti Barak Obama ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyini irəli sürüb. Bu barədə məlumat Ağ Evin rəsmi saytına yerləşdirilib. Metyu Brayzanın namizədliyini ABŞ Senatı təsdiqləməlidir.
Metyu Brayza 2005-ci ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilib. O, bu vəzifədə Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə məsul olub, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli səylərinə başçılıq edib, Birləşmiş Ştatların Qara dəniz və Xəzər dənizi bölgələrində enerji siyasətini əlaqələrdirib.
Metyu Brayza 2006-2009-cu illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunda amerikalı həmsədro vəzifəsini tutub.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi 2009-cu ilin iyulundan boşdur. Ötən yay səlahiyyət müddəti bitən Enn Dörsidən sonra səfir postuna heç kim təyin edilməyib.