Gürcüstan prezidenti Mixail Saakaşvili bir daha Birləşmiş Ştatların və Avropa birliyinin ölkəsinə görünməmiş dəstəyini təsdiq edib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Saakaşvili bu barədə ölkənin aparıcı telekanallarının əməkdaşları ilə görüşdə bildirib. Gürcü lideri Amerikaya son səfəri gedişində 60 konqresmen, jurnalist, elmi dairələr səviyyəsində görüşlər keçirdiyini deyib. “Artıq tam cəsarətlə deyə bilərəm ki, Amerika Gürcüstana görünməmiş dəstək nümayiş etdirir”.
Saakaşvili Rusiya təbliğatına toxunub. Onun sözlərinə görə, Rusiya KİV-i belə məlumatlar yayıb ki, guya Amerikada Gürcüstan prezidenti ilə heç kim danışmaq istəmir, heç kim ona zəng etmir, onu qəbul etmir. Saakaşviliyə görə, bütün bunlar cəfəngiyyatdır. Bundan əlavə, Saakaşvili Rusiyanın hökumət başçısı Vladimir Putini şantajçı adlandırıb. Saakaşvili Putinlə bağlı bir neçə misal çəkib. Məsələn, onun sözlərinə görə, Putin Avropa dövlətlərindən birinin liderinə telefonla zəng edərək müəyyən adamın maliyyə naziri təyin edilməsinə etiraz edib, çünki bu adam Saakaşvilinin dostudur. Putin bu ölkənin liderini hədələyib ki, əks halda Rusiya bu dövlətlə münasibətləri kəsəcək. Saakaşvili qeyd edib ki, Putinin hədə-qorxularına baxmayaraq, bu adam maliyyə naziri təyin olunub. Başqa bir misal. Putin ərəb liderlərindən birinə zəng edərək onu Saakaşvilini qəbul etməməyə çağırıb. Onun sözlərinə görə, Putinin şantajına baxmayaraq onu nəinki qəbul ediblər, hətta Gürcüstana səfər edəcəklərini də vəd ediblər. Çünki ərəblər bu cür təzyiq və şantajı qəbul etmirlər.
Saakaşvili daha bir şok açıqlama verib. Onun sözlərinə görə, Putin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması qarşılığında Belarusa 5 milyard dollar vəd edib. Moskva daha sonra batmaqda olan Nauru ölkəsini tapıb və ondan separatçı bölgənin müstəqilliyini tanımağı xahiş edib. Saakaşvili qeyd edib ki, Nauru doğrudan da qlobal istiləşmə təhlükəsi ilə əlaqədar batmaqdadır. Və o, buna dərindən təəssüf edir.
Saakaşvili bəyan edib ki, Gürcüstanın Avropaya inteqrasiya kursu dəyişməyəcək. Gürcüstan zülməti, yoxsulluğu, “başqaların çəkməsini öpmək tələbatı”nı artıq geridə qoyub. O, bəzi gürcü siyasətçilərinə diqqət yönəldərək qeyd edib ki, “nə yaxşı ki onlar var”.
“Vaxt gələcək, biz bu adamlara təşəkkür edəcəyik ki, onlar mövcuddurlar. Bu cür adamları Lenin “faydalı idiot”lar adlandırıb. Onlar doğrudan da faydalıdırlar”,-deyə Saakaşvili bildirib.