Modern.az xəbər verir ki, bu gün Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joys, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, İcmanın idarə heyətinin üzvləri, millət vəkilləri Elman Məmmədov,Rövşən Rzayev, İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və İcmanın əməkdaşlarının iştirakı ilə görüş keçiriblər.
Görüşü giriş sözü ilə açan İcma rəbəri Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti haqqında geniş məlumat vermişdir. O bildirmişdir ki, münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər. Həmçinin Bayram Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır və biz bu istiqamətdə həm Aİ-dan, həm böyük dövlətlərdən, eləcə də Böyük Britaniyadan, həmçinin bu məsələ ilə məşğul olan digər qurumlardan qətiyyətli mövqe gözləyirik.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq isə məcburi köçkün insanların öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlik adlandırıb:” 22 ildən artıq bir zaman ərzində Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin həllində əsas prinsiplər kimi münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir”.
Görüşdə çıxış edən millət vəkilləri Rövşən Rzayev və Elman Məmmədov dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışmışdır. Rövşən Rzayev qeyd edib ki, əlbətdə dövlət məcburi köçkünlərin sosial-iqtisadi problemlərini mərhələ-mərhələ həll edir, amma bu insanların hər birisi öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Elman Məmmədov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunu, Aİ-i, BMT və digər beynəlxalq qurumları qətiyyətli olmağa çağırıb.
Daha sonra çıxış edən İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov münaqişə nəticəsində əziyyət çəkən insanların acınacaqlı vəziyyətindən söz açıb: “Münaqişə nəticəsində əziyyət çəkən 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, Xocalı soyqırımını yaşayan bizlərik. Bütün bunlara baxmayaraq regionda sülh yaratmağa çalışan və münaqişənin sülh yolu ilə həll olunmasına çalışanda elə bizlərik. Lakin, Ermənistan hökümətinin tutduğu mövqe icmaların görüşünə və münaqişənin həll olunmasına maneə törədir”.
Müşavir Dr. Kristofer Joys isə öz növbəsində qeyd edib ki, münaqişənin həlli istiqamətində icmalar arası görüşün təşkil olunması çox vacibdir. Bu məsələdə aydın görsənir ki, Azərbaycan İcmasının görüşlərin təşkil olunması üçün iradəsi var. Bu səbəbdən icmalar arasında görüşlərin təşkil olunması üçün biz əlimizdən gələn hər bir köməyi etməyə çalışacayıq.
Sonra görüş tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirə ilə davam etdirilib.


Modern.az