“ARDNŞ-in orada işçisi yoxdur. Biz sifarişçiyik. İşləri isə “Tekfen” şirkəti görür. Bu səbəbdən də ora işçi qəbul etmək və azad etmək kimi səlahiyyətimiz yoxdur. Sifarişçi olduğumuzdan orada kimin çalışdığı bizim üçün əhəmiyyətsidir. Bu məsələdə ARDNŞ-in adının hallandırılması tamamilə əsassızdır”. Bunu Modern.az-a ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Niazməddin Quliyev Bakı Olimpiya mərkəzində namaz qıldıqlarına görə çıxarılan işçilər haqda danışarkən deyib.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, ARDNŞ və “Tekfen” şirkətinin birgə işlədiyi yeni Olimpiya Mərkəzində çalışan işçilər namaz qıldıqları üçün işdən çıxarılıb. Onların sayı 15 nəfərdir. Digər gündəlik dini ibadətlərini yerinə yetirənləri də eyni aqibətin gözlədiyi açıqlanıb.
Məlumatda qeyd edilirdi ki, dünən günorta namazının camaat halında qılınmasından sonra ARDNŞ-in yüksək vəzifəli işçiləri 15 nəfərin iş kartını əlindən alıb və işdən çıxarıldıqlarını bildirib.
Gülşən Raufqızı