
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.
Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətim başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxıb.
Bildirilib ki, bu maşınların arasında təyyarə yanacağı daşıyan, yanacaqvuran, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan avtobuslar, eləcə də sağlamlıq imkanları məhdud sərnişinləri hava gəmilərinə mindirmək və qarşılamaq üçün xüsusi avadanlıqla təchiz edilən maşınlar var. Yeni alınan avtotrap və avtokonveyerlər, qoşqular və təyyarədartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, təyyarə mühərrikini hava ilə işə salan aqreqat, hava gəmilərini buzlaşmaya qarşı hazırlayan və uçuş-enmə zolağını qardan və buzdan təmizləmək üçün nəzərdə tutulan maşınlar da yüksək texniki göstəricilərə malikdir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Sonra Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat veriblər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilib. Burada işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar var. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait var. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb.
Diqqətə çatdırılıb ki, aerovağzal binasının yenidən qurulması və bərpasında sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji yükünü daha artıracaq. Binanın istifadəyə verilməsi Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında özünəməxsus yeri ilə seçilir.