“Televiziya proqramlarının formalaşmasında paytaxt sakinlərinin qatqısı olsa da, əyalət adamlarının “ayı xidməti” daha böyükdür”.
Bunu Modern.az-a psixoloq Elnur Rüstəmov deyib. “Əyalətdəki insanların zehninin işğalı elə onların arasından çıxan “mütəxəssislər”in yaranmasına səbəb olur. Əslində onların özləri proqramları o səviyyəyə gətirib çıxarıblar. Problem ondan ibarətdir ki, telekanallarda ciddi müzakirə buraxılışı, yaxud, elmi-maarifçi yöndə bir veriliş olursa, əyalət adamı ona baxmır. Bayağı verilişlərin elə əsas tamaşaçı kütləsi də onlardır”.
Telejurnalist Qulu Məhərrəmlinin fikrincə, televiziyaların şüur məhvetmə prosesi artıq işə başlayıb: “Artıq dırnaqarası teleproqramlar insanların şüurunu yeməklə məşğuldur. İnsanların şüurunun bəsitləşməsi, dünyagörüşlərinin məhdudlaşması müəyyən qədər televiziyalarımızın xidmətidir. İnsanlar kitab oxumur, maraqlı televiziya proqramlarına baxmır, qəzetdən ümumiyyətlə uzaq düşüblər. Bütün bunların sayəsində insanların dünyagörüşləri məhdudlaşır. İnsan biliyini haradan alır? Ayrı-ayrı mənbələrdən informasiyalar toplanır, nəticədə ali keyfiyyət olan bilik yaranır. Biliyi formalaşdıran informasiyalar öz işlərini yerinə yetirmirsə müəyyən şüuraltı proseslər əmələ gəlir. İnsanlar baş verənlərin fərqində olmur. Onların mahiyyətini dərk edib qiymətləndirə bilmir. Bu artıq siz deyən məsələdir”.
Qeyd edək ki, hazırda bir sıra mütəxəssislər Azərbaycanda kənd əhalisinin televiziyaya ifrat aludəçiliyi problemini qabardır.
Elmin Nuri