Modern.az

Müdafiə naziri Zakir Həsənovdan “səs-küylü” təyinatlar

Müdafiə naziri Zakir Həsənovdan “səs-küylü” təyinatlar

Təhsil

10 Aprel 2014, 12:43

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Müdafiə Nazirliyi sistemində baş verən son hadisələrlə bağlı yeni məlumatlar açıqlayıb. Modern.az saytının xəbərinə görə, Ü.Cəfərov bildirib ki, müdafiə naziri Zakir Həsənov dünən Prezident İlham Əliyevlə birgə İran İslam Respublikasında səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində olmalıymış .

“Amma, Beyləqan Hərbi Birləşməsindəki son mina partlayışı, bir neçə hərbi qulluqçuların faciəli şəkildə həlak olması və ağır yaralanması ilə bağlı hadisə ölkə rəhbərliyinin dərin təəssüfünə və qəzəbinə tuş gəldiyinə görə müdafiə naziri Tehran səfərinə gedən nümayəndə heyətinin tərkibindən çıxarılıb. Ona əmr edilib ki, döyüş bölgəsi ilə məşğul olsun”.

Hərbi ekspert bildirib ki, elə dünən general Zakir Həsənov yenidən Beyləqan Hərbi Birləşməsinə gedərək bəzi kadr dəyişikliyi edib. Ü.Cəfərovun sözlərinə görə, nazir birləşmə komandiri general Ayaz Həsənovu vəzifəsindən çıxartmaq istəsə də, ona bu imkan verilməyib.

“Ona general-polkovnik rütbəli şəxsdən edilən zəngdən sonra qərara alınıb ki, birləşmə komandiri deyil, onun birinci müavini - Qərargah rəisi vəzifəsindən çıxarılsın. Və bu yaxınlarda Zakir Həsənovun özü tərəfindən bu vəzifəyə təyin edilmiş polkovnik Ələsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə, nazir Zakir Həsənov tərəfindən ötən ilin oktyabrında Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılov təyinat alıb. Hesab edirəm ki, bu təyinat həm uğurlu, həm də Fəxrəddin Cəbrayılov üçün bir növ cəzadır. Bu il iyun ayında general rütbəsi almağa layiq olanlardan biri kimi o, öz prinsipiallığının və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, həmçinin Müdafiə Nazirliyi sistemində artıq ad çıxartmış, ərköyün bir mayor rütbəli şəxsin qurbanına çevrildi”.

Ü.Cəfərov deyir ki, qısa bir müddətdə Fəxrəddin Cəbrayılovun rəhbərliyi altında orduda xeyli nöqsanlar aşkarlanmışdı və ona edilən yersiz xahişlərə, təzyiqlərə baxmayaraq əsl zabit kimi öz işini görürdü.

Hərbi ekspert nazir Zakir Həsənovun daha bir neçə səs-küylü kadr təyinatları həyata keçirdiyini vurğulayıb. Onlardan biri haqqında qısaca deyəcəyəm.
“Vaxtilə Qusarda keçirilən antiterror əməliyyatında yol verdiyi kobud səhvlərə görə vəzifəsindən azad edilərək ehtiyata göndərilən polkovnik rütbəli bir zabiti general vəzifəsinə təyin edilib. Özü də o gələcəyin zabitlərinə - Azərbaycan Ali Hərbi Məktəbində "nümunə" göstəriləcək. Onu da deyim ki, bu zabit Zakir Həsənovun vaxtiykən Dövlət Sərhəd Xidmətində, sonralar Daxili Qoşunlarda birgə xidmət keçdiyi adamdır. Mən deyəndə ki, hörmətli müdafiə naziri Zakir Həsənov kadrları peşəkarlığına görə deyil, şəxsi münasibətlərə və qohum-əqraba olduğlarına görə vəzifələrə təyin edir, çoxları inanmırdı”.

Ü.Cəfərov Silahlı Qüvvələrin Akademiyasına da yeni təyinat həyata keçirildiyini bildirib. “Amma, strateji qoşun növümüz olan Hərbi Dəniz Qüvvələrinin hələ də komandanı və Qərargah rəisi vəzifələrində qərarlar verən şəxs və şəxslər yoxdur. Çünki o qurumun Elçin Quliyevin sərəncamına verilməsi məsələsi ciddi müzakirə edilir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı