Aprelin 10-da Ana Vətən Partiyası Mərkəzi Şurasının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri, AVP Gənclər Təşkilatı sədrinin fəaliyyəti və cari məsələlər müzakirə olunub.
Birinci məsələ ilə bağlı qərara alınıb ki, may ayının 31-də Partiya Ali Məclisinin yaz sessiyası çağrılsın və bələdiyyə seçkilərinə hazırlığa start verilsin. Bununla əlaqədar olaraq şöbələr üzrə müvafiq tapşırıqlar verilib.
Mərkəzi Şurada Gənclər Təşkilatının sədri Tural Məmmədovun fəaliyyəti geniş müzakirə olunub. Onun partiya etikası ilə bir araya sığmayan əməllərinin tutduğu vəzifə ilə uzlaşmadığı konkret faktlarla əsaslandırılıb və Gənclər Təşkilatı Əsasnaməsinin “Xüsusi müddəalar” bölməsinin I bəndinə əsasən, o, tutduğu vəzifədən azad edilib. Gənclər Təşkilatının sədri vəzifəsinin icrası sədr müavini Mikayıl İbrahimova həvalə olunub. Tural Məmmədovun Partiyada üzvlük məsələsi müzakirə olunmaq üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasına tövsiyyə edilib.