Modern.az

İldə yarım milyon insanı öldürən bəla - Azərbaycanda necə müalicə olunur?

İldə yarım milyon insanı öldürən bəla - Azərbaycanda necə müalicə olunur?

Təhsil

25 Aprel 2014, 12:53

7 yaşlı Nihat iki ən ağır xəstəliklə mübarizə aparır - talassemiya və Hepatit C. 6 aylıq ikən uşağın talassemiya xəstəsi olduğu aydınlaşıb. Buna görə də həmin vaxtdan etibarən balacaya hər ay qan vurulur.

2012-ci ildə verilən növbəti analizdə isə onun həm də Hepatit C virusuna yoluxduğu bəlli olub.  Nihatın anası Sevinc Vəliyeva da onsuz da ağır xəstə olan övladının yeni bəlaya düçar olmasında Mərkəzi Qan Bankını günahkar sayır. Çünki Nihat üçün qan məhz bu qurumdan götürülür.


Çarəsiz ana məsələ ilə bağlı Səhiyyə Nazirliyinə şikayət məktubu göndərib. Valideyn hesab edir ki, Qan Bankının laboratoriyasında qanlar dəqiq yoxlanılmır: “Talassemiya Mərkəzində Hepatit C virusuna yoluxan uşaqlar çoxdur. Görünür, bu da səbəbsiz deyil”.

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva isə deyir ki, kiminsə, həmçinin Nihatın Hepatit C virusuna yoluxmasında Qan Bankının təqsiri ola bilməz. Çünki bura donor qismində qan verənlərin hər biri yoxlanılır. P.Hacıyeva uşağın dişinin müalicəsi zamanı Hepatitə yoluxduğunu ehtmal edir.

Səhvən hepatit diaqnozu qoyulub

Hələlik bu situasiyada virusun hansı yolla xəstəyə yoluxması dəqiqləşdirilməyib. Amma məsələnin digər tərəfi - həkimlər tərəfindən səhv diaqnozun qoyulması, keyfiyyətli tibbi xidmət alınmasındakı çətinliklərlə bağlıdır. Məsələn, Sabunçu rayon sakini Səttar Məmmədovun bir neçə il öncə qanında hepatit virusu aşkarlanıb. Pasiyentin özü də, yaxınları da panikaya düşüb: “Burada 3 fərqli yerdə yoxlatdırdım, hamısı eyni sözü dedi – Hepatit C. Çox bahalı müalicə təyin olundu. Amma bəzi dostlarım vardı, məni məcbur etdilər ki, gedib İranda da yoxladım özümü. Orada isə diaqnozun səhv qoyulduğunu dedilər”. Buna inanmayan S.Məmmədov sonradan Moskvaya üz tutub. Orada da iranlı həkimlərin dediyini təkrarlayıblar. Xəstəliyin qaraciyərli bağlı ayrı bir problem olduğunu deyiblər və 1 il ərzində xəstə tamamilə müalicə olunub.

İlk vaxtlar şokda olan S.Məmmədov məhkəməyə müraciət etmək haqqında düşünüb: “Amma sonradan fikirləşdim ki, nahaq yerə əsəblərimi korlamayım, zamanımı da xərcləməyim. Onsuz da bizdə həkimin yanlışlığını sübuta yetirmək qeyri-mümkündür. Şifahi olaraq burdakı həkimimə etirazımı bildirdim, dedi ki, biz İranın, Rusiyanın nəticələrini tanımırıq, onlar səhv yazıb. Hər halda, mən indi özümü çox yaxşı hiss edirəm”.

Rəsmilər “narahatlıq yoxdur” deyirlər

Əksər hallarda olduğu kimi, rəsmilər Hepatit C-nin yayılması ilə bağlı da narahatlıq doğuran hansısa məqamın olmadığını deyirlər. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbuata açıqlamasında bildirib ki, 2013-cü ildə əvvəlki ilə nisbətən virus hepatit xəstəliyinin səviyyəsinin nəinki artması, əksinə 26,5 faiz azalması müşahidə olunub.

Diaqnostika üsulları təkmilləşib, ona görə də say artıb

A.Əliyeva əlavə edib ki, son illər infeksiya daşıyıcılığı əsasən B və C virus hepatitləri üzrə qeydə alınır. Daşıyıcılıq halları Bakı şəhərində daha çox aşkar edilir.  Amma nazirlik rəsmisi bunu virusun yayılması ilə yox, laborator şəbəkələrinin genişləndirilməsi və diaqnostika üsullarının keyfiyyətinin təkmilləşdirilməsi ilə əlaqələndirilir.

Lakin ekspertlər rəsmi rəqəmlərin reallığı əsk etdirmədiyini hesab edirlər.

Mətbuatda yayılan məlumatlara görə, Hepatit C virusuna yoluxma halları bir çox gözəllik salonları, stomatoloji klinika və kabinetlərdə, həmçinin bərbərxanalarda hökm sürən antisanitar vəziyyətdən qaynaqlanır. Axı hepatit C virusu əsasən, xəstələrin qanında olur. Qandan kənarda yüksək temperaturda isə məhv olur. Ona görə də əsasən xəstə insanın qanı ilə təmasda olarkən yoluxma baş verir. Yəni virus qan köçürmə, xəstə qanı ilə çirklənmiş alətlərdən istifadə olunması, stomatoloji alətlər, sterilizə olunmamış cərrahi alətlər vasitəsilə daha çox yayılır. Adətən Bakıdakı belə müəssisələrin bir çoxunda alətlərin virus və ya mikroblardan təmizlənməsi üçün nəzərdə tutulan sterilizə aparatları olmur.

İllər

Viruslu hepatitə yoluxanların sayı

2000-ci il

2381

2005-ci il

1691

2010-cu il

1233

2011-ci il

780

2012-ci il

665

Cədvəl: Azərbaycanda viruslu hepatitlərə yoluxan insanların sayı. Mənbə Dövlət Statistika Komitəsi

Səhiyyə Nazirliyinin məlumatına görə kəskin hepatit ildə 300-500 nəfərdə aşkar oluna bilər. Ancaq ekspertlər xroniki hepatitə yoluxanların sayının qat-qat artıq olduğunu hesab edirlər. Belə iddialar da səslənir ki, Azərbaycanda qastroentrologiyada hepatit  üzrə cəmi 2 xəstəxanada  şöbə mövcuddur, bu sahədə mütəxəssis yox dərəcəsindədir. Ona görə də xəstəlik daşıyıcılarının real sayı aşkarlanmır.

Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Namiq Əliyev deyir ki, həkimlər Azərbaycanda bu xəstəliyin yayılmasına qarşı kütləvi surətdə mübarizə aparır: “Məhz bunun nəticəsidir ki, yoluxma halları 90 faiz azalıb. Qaldı ki, bu sahədə çalışan mütəxəssislərə, onlar bizdə yetərincədir. Bu baxımdan çatışmazlığımız yoxdur”. 

Lakin N.Əliyev digər problemi gündəmə gətirir: “Bizdə dərmanlar bahadır və müalicə üçün lazım olan şərait yoxdur. ABŞ, Fransa və Almaniyada olan şərait bizdə yoxdur”. 

84 min dollarlıq müalicə - çoxu bundan məhrumdur

Doğrudan da, Hepatit C bütün dünyada, o cümlədən Azərbaycanda da bahalı xəstəlik sayılır. Ona görə də insanların əksəriyyəti müalicədən məhrumdur. Dünya üzrə hesablamalara görə, xəstəliyin12 həftəlik müalicəsi 84 min dollar tələb edir. Azərbaycanda isə bir kurs müalicənin ən azı 15 min manata başa gəldiyi deyilir. Sıravi Azərbaycan vətəndaşı üçün bu məbləği ödəmək qeyri-mümkündür.

Elə buna görədir ki, hətta deputatlardan bəziləri vəziyyət barədə həyəcan təbili çalınmasını tələb edirlər. Millət vəkili Qənirə Paşayeva hökumətdən fərqli olaraq xəstə daşıyıcılarının sayının artdığını qəbul edir və Hepatit C xəstələrinin dövlət himayəsinə alınmasını vacib hesab edir:

“Getdikcə, Hepatit C virusu ilə xəstələnən insanların sayının artması bizi ciddi narahat etməlidir. Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin , həm də bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur".

Deputat dövlət proqramının olmasını təklif edir
Millət vəkili bu istiqamətdə əhalinin marifləndirilməsini və dövlət dəstəyini vacib sayır: "Bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Bu istiqamətdə xüsusi dövlət proqramının olmasına ciddi ehtiyac olduğunu bu xəstəlikdən əziyyət çəkən insanların müraciətləri zamanı görə bilirik. Hepatit C və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik, adıçəkilən virusa yoluxan insanların sayı günü-gündən artır”.

İxtisasca həkim olan millət vəkili Məlahət İbrahimqızı isə Hepatit C-ni sosial xəstəlik sayır: “Hamı bilir ki, vərəm xəstəliyinin - tuberkulyozun müalicəsi hökumətin bilavasitə təminatı ilə aparılır. Hepatit C də belədir. Amma çox təəssüflər olsun ki, bununla bağlı hər hansı bir qanun yoxdur. Ona görə bu problemin həlli ilə bağlı ya qanun ayrıca qəbul olunmalı, ya da vaxtilə qəbul olunmuş mövcud qanunların hansınasa dəyişikliklər edilməlidir. Buna çox böyük ehtiyac var”.

Pulsuz müalicə - dövlət üçün ağır yük olar

Lakin beynəlxalq təşkialtlar bu məsələdə dövlətin dəstəyinə güvənmirlər. BMT-nin İİV, QİÇS üzrə Birgə Proqramının (UNAİDS) Azərbaycan nümayəndəliyinin rəhbəri Cəmilə Cərrahova deyir ki, ölkəmizdə Hepatit C xəstəliyinin ağır mərhələsində bir kurs müalicənin aparılması 10 min manatdan baha başa gəlir: “Azərbaycanda bu xəstələr öz şəxsi maliyyə imkanları hesabına müalicə olunurlar. Bunun üçün hələlik dövlət tərəfindən maliyyə vəsaiti ayrılmır. Belə xəstələrin müalicəsi olduqca baha başa gəldiyindən, heç bir dövlət qurumu bu qədər maliyyəni öz boynuna götürə bilməz. Ona görə də dünyada qəbul olunmuş praktika Azərbaycanda da tətbiq olunmalıdır”.

Dünya praktikası dedikdə, ekspert  icbari tibbi sığorta sisteminin tətbiqini nəzərdə tutur. Onun fikrincə, yalnız bu halda insanlar istənilən xəstəlik zamanı real keyfiyyətli və əlçatımlı tibbi xidmətdən istifadə edə bilərlər. Lakin “İcbari tibbi sığorta haqqında” qanun 10 ildən artıqdır qəbul olunsa da, hələ ki tətbiq edilmir və bunun səbəbləri tamamilə ayrı bir yazının mövzusudur.

Sonda onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 130-150 milyon insanın bu xroniki infeksiyaya yoluxduğunu bildirir. Xəstəliyin ən çox qeydə alındığı bölgələr Mərkəzi və Şərqi Asiya, habelə Şimali Afrikadır. Hepatit C səbəbi ilə hər il 350 minlə 500 min arasında insan dünyasını dəyişir.




F.Məmmədova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı