Modern.az

Qabil Hüseynli: “Heydər Əliyev Kazimirovu atəşkəslə bağlı sənədə görə ciddi tənbeh etmişdi”

Qabil Hüseynli: “Heydər Əliyev Kazimirovu atəşkəslə bağlı sənədə görə ciddi tənbeh etmişdi”

Təhsil

12 May 2014, 11:57


“Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinin qarşıya qoyduqları əsas məqsədlərdən biri də Gəncəni və Yevlaxı ələ keçirmək idi. Ruslar da onları buna təhrik edirdilər. Bir sözlə, cəbhədə rusların köməyi ilə ermənilər müəyyən strateji üstünlüklərə malik idilər”.

Bunu Modern.az-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli atəşkəs sazişinin 20 illiyi bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, Azərbaycan həmin ərəfədə cəbhədə bir sıra uğurlar əldə etsə də, rusların Ermənistan ordusuna dəstəkləri də kəsilmirdi. Sabiq dövlət müşaviri bildirib ki, ermənilər rusların sayəsində Dağlıq Qarabağın hüdudlarından kənar ərazilərdə təhlükəsizlik zonası yaratmağa nail olmaqla 7 rayonu işğal etdilər. Q. Hüseynlinin sözlərinə görə, ruslar Tərtərdən keçməklə Bərdəni nəzarətə götürmək və bununla da Yevlax yolunu tutmağı planlaşdırırdılar: “Onların məqsədi Bakının qərb bölgələri ilə əlaqələrinin kəsilməsinə nail olmaq idi. Amma Azərbaycan ordusu həm Tərtər rayonunda, həm də Bərdə istiqamətində ermənilərə güclü zərbə vurdular. Ermənilərin təkrar hücumları da heç bir nəticə vermədi. O zaman Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər nəticəsində bu istiqamətdə güclü qruplaşmalar toplandı. Bu qruplar ermənilərə güclü əks zərbələr vurdu”.

Ekspert vurğulayıb ki, Rusiya Azərbaycan ordusunun Dağlıq Qarabağa doğru irəlilədiyini gördüyündən Moskvadan atəşkəs haqqında təklif gəldi: “Minsk Qrupunun Rusiyadan olan o vaxtkı həmsədri Vladimir Kazimirovun simasında gələn təklifi Azərbaycanın həmin dövrdə dövlət başçısı olan Heydər Əliyev siyasi rəhbərliklə tanış etdi. O vaxt gündəmdə olan əsas məsələlərdən biri də neft müqavilələrinin imzalanması idi. Neft müqavilələrinin imzalanması Azərbaycanın maliyyə çətinliyini aradan qaldıracaqdı. Buna görə də Rusiyanın atəşkəs rejimi haqqında təklifi qəbul edildi. Təkliflə əlaqədar xüsusi bir sənəd hazırlandı. Ruslar tərəfindən hazırlanan sənədin mətni Azərbaycana gəlib çatmamışdı və Bişkekdə müzakirəyə çıxarılırdı. Ali Sovet sədrinin müavini Afiyəddin Cəlilov bununla bağlı Bişkekə ezam edildi. Afiyəddin Cəlilov Heydər Əliyevi məlumatlandırır ki, həmin sənəddə  Azərbaycan üçün əlverişli olmayan məqamlar çoxdur. Heydər Əliyev Afiyəddin Cəlilovu təcili geri çağırır. Çünki sənədə qondarma Dağlıq Qarabağ “respublikası”nın da adı yazılmışdı.  Lakin Kazimirov da əlində sənədlərlə təcili Bakıya gəlir. Heydər Əliyevlə Kazimirovun təkbətək görüşü olur. Mənim sonradan əldə etdiyim məlumatlara görə, Heydər Əliyev Kazimirovu ciddi tənbeh etmişdi. Kazimirov bundan qorxuya düşmüşdü. Çünki Heydər Əliyev onu divara yaxşıca qısnamışdı. Heydər Əliyevin səyi nəticəsində atəşkəslə bağlı sənəd Azərbaycan və Ermənistan arasında imzalandı və bura Dağlıq Qarabağın azərbaycanlı icması da tərəf kimi imza atdı”. Keçmiş dövlət rəsmisi atəşkəs sazişinin 20 illik müddətə bağlandığını deyib: “Lakin orada belə bir müddəa var idi ki, tərəflərdən biri etiraz etmirsə, müqavilə avtomatik olaraq 3 ay müddətinə uzadılmış hesab edilir”.  

Qeyd edək ki, atəşkəs sazişini özündə ehtiva edən və tarixə “Bişkek protokolu” adı ilə düşən sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu icra hakimiyyətinin başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıb.  

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı