
Şiə məzhəbinə aid və vəhhabiliyə zidd olan bəzi dini ədəbiyyatın nəşrinin Azərbaycanda qadağan olunması ilə bağlı ölkə mediasında yayımlanmış xəbərlər əsassızdır və həqiqəti əks etdirmir. Modern.az saytı xəbər verir ki, bunu aidiyyatı qurumdan məlumatlı mənbə İranın İRNA agentliyinə açıqlamasında deyib.
Adının açıqlanmasını istəməyən mənbə İRNA-ya bildirib ki, mətbuatda qadağan olunmuş kitablar kimi adları siyahıda qeyd olunan nəşrlərin 2001-2002-ci illərdə müxtəlif şəxslər tərəfindən ölkəyə gətirilməsi qadağan olunub. Amma sonradan elə bu kitabların çoxu Azərbaycanın dini mərkəzlərinin dəstəyi ilə ölkədə çox tirajla çap olunub və əhaliyə paylanıb
İRNA agentliyi qeyd edib ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" (Vəhhabiliyin ayinləri) adlı kitab 50000 tirajla çapdan çıxıb. Bu kitabın çap olunması mediada yayımlanan məlumatın doğru olmadığının göstəricisidir.
Qeyd edək ki, bir müddət öncə hüquq-mühafizə orqanlarındakı mənbədən KİV-ə ötürülən siyahıda guya, aşağıdakı dini ədəbiyyatın Azərbaycanda qadağan olduğu bildirilmişdi:
“Bağdad alimlərinin bəhsi” (müəllif: Məqafil-İbə Ətiyyə)
“Bir yəhudi fitnəsinin nəticələri”
“Sünnilik” (müəllif: Əbdürrəhman)
“Yehova müasir xalqı”
“Yehova Allahın padşahlığını bəyan edir”
“Risaleyi Nur”
“Peyğəmbərin haqq canişini kimdir?” (müəllif: Əhməd Əssədnajat)
“Doğru olanlarla birgə” (müəllif: Məhəmməd Ticani Səmavi)
“Pişəvəri gecələri” (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)
“Vəhhabiliyin ayinlər” (müəllif: Cəfər Sübhani)
“Müqəddəs kitan – Əhdi-Ətik”
“Gözətçi gülləsi”
“Vəhhabiyyət iki yol arasında” (müəllif: Şeyx Nasir Məkarin Şirazi)
“Vəhhabi Firqəsi” (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)
“Qərb dinində - Aşurayadək” (müəllif: Seyid Kazım Pərpənci)
“Cəməl müharibəsi” (müəllif: Cəsar Sübhani)
“Günahın acısı” (müəllif: Haşim Rasuli)
“Zühur əsri” (müəllif: Əli Kuranu)
“Böyük dini rəhbərin həyat və fəaliyyəti”
“İlahi ədalət”
“Sülid din”
“Seyid Mürtəza Müctəhidi”
“Ali İmran”
“Bir dəstə gül”
“İmam əsgərin həyatı”
“Musa Kaziminin həyatı”
“İmam Rzanın həyatı”
“Şiə və əsassız ittihamlar” (müəllif: Seyid Sadiq Şirazi).
Modern.az-ın əldə etdiyi məlumata görə, yuxarıdakı siyahı qeyd edilən ilk 7 kitab doğrudan da Azərbaycanda qadağan olunub. Amma qalan dini ədəbiyyatın qadağan edilmədiyi bildirilir...
Modern.az