AXCP sədri Əli Kərimli Fransa prezidenti Fransua Ollandın mayın 12-də Bakıda müxalifət liderləri və ictimai fəallarla görüşündən danışıb. Modern.az-ın məlumatına görə, Ə.Kərimli görüş haqda bunları deyib:
”Bu gün Fransa prezidenti Fransua Olland bir ilkə imza atdı. Azərbaycana səfəri çərçivəsində müxalifət liderləri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşdü. Görüşdə iki ölkə arasındakı münasibətlər, Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla - həbsdə olan gənclər, siyasilər, jurnalistlər, dindarlarla bağlı müzakirə apardıq. Həmçinin ölkədə seçki saxtakarlığı ilə bağlı ciddi müzakirələr etdik. Köklü seçki islahatları zərurətindən danışdıq. Azərbaycan - Avropa Birliyi münasibətləri, Azərbaycanın Avropa Birliyi ilə assosiasya sazişi imzalaması barədə bizim təşəbbüslərimiz, Azərbaycan hökumətinin Avropa Birliyinə inteqrasiya siyasətinə yaratdığı əngəllər də muzakirə mövzusu oldu.
Regionda gedən prosesler də diqqət mərkəzində oldu. Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzüsünü, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik.
Fikrimcə, bu görüş həm də Azərbaycanı Avropa Birliyinə yaxınlaşdırmaq, ölkədəki demokratikləşmə prosesinə kömək etmək cəhdi idi”.
Qeyd edək ki, Fransua Ollandla görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak edib.
A.Qorxmaz