Modern.az

“Kulinariya haqqında” Qanun payızda qəbul oluna bilər

“Kulinariya haqqında” Qanun payızda qəbul oluna bilər

Təhsil

26 May 2014, 14:16

“Kulinariya haqqında” Qanunun qəbulundan sonra yeməklərimiz pasportlaşdırılacaq. Qanunun qəbulundan sonra qeyri-hökumət təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərin dəstəklənməsi, milli mətbəx mədəniyyətinin təbliği sahəsində xüsusi xidmətləri və töhfələri olan şəxslərin maddi və mənəvi həvəsləndirilməsi gözlənilir”. Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva deyib.
Deputatın sözlərinə görə, “Kulinariya haqqında” Qanunun qəbul edilməsində məqsəd Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, inkişaf etdirilməsi və tətbiqi ilə bağlı yaranan münasibətləri tənzimləməkdir.
“Qanunda ilk dəfə  milli mətbəx mədəniyyəti anlayışı verilir. Qanunun birinci maddəsinə görə, milli mətbəx mədəniyyəti etnoqrafiya hadisəsi olub Azərbaycan tarixi ərazisində tarixən və hazırda formalaşmış milli mətbəx nümunələri onların hazırlanması, istifadəsi, xüsusiyyətləri, mühafizəsi ilə bağlı münasibətlərin məcmusudur. Qanun Azərbaycanın tarixi ərazisində tarixən və hazırda formalaşmış milli mətbəx nümunələrinə şamil edilir”.

“Əlbəttə, bu proses sonralar müvafiq orqanlar, yəni Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tənzimlənəcək. Qanuna görə, milli mətbəx nümunələrinin Azərbaycanının mədəni irs nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə və Dövlət Reyesterində qeydiyyat vasitəsilə həyata keçirilir. Bundan baqşa qanuna görə, bu sahədə dövlət bir sıra vəzifələr həyata keçirəcək”, – deyə o, əlavə edib.

L. Abdullayeva qeyd edib ki, qanun layihəsi Komitədə bəyənilib, hazırda Milli Məclisin aparatındadır. “Düşünürəm ki, qanun layihəsi payız sessiyasının plenar iclasına çıxarılacaq”.  

 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı