Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az xəbər verir ki, XİN rəhbəri Ə. Davudoğlu Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İ. Əliyev Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğulayıb və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə edib. Prezident xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğulayıb.
Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlət başçısı Türkmənistanın XİN başçısı Rəşid Meredovu da qəbul edib. Görüş zamanı ölkələr arasındakı əlaqələrin inkişafından söz açılıb.
Modern.az