Modern.az

Dövlət Komitəsi sərinləşdirici içki və dondurma bazarına nəzarəti gücləndirib

Dövlət Komitəsi sərinləşdirici içki və dondurma bazarına nəzarəti gücləndirib

Təhsil

30 May 2014, 11:45

Havaların isinməsi sərinləşdirici içki və dondurma bazarında canlanma yaradıb. Bəzi işbazlar hətta mənbəyi məlum olmayan, üzərində istehsal tarixi və markası olmayan məhsullar satır. Belə məhsullara isə daha çox ətraf qəsəbələrdə rast gəlinir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a açıqlamasında bildirdi ki, respublika ərazisində təxminən 15 dondurma istehsalı  və 70 sərinləşdirici içkilər istehsalı üzrə təsərrüfat subyektləri fəaliyyət göstərir. “Lakin müəssisələrin sayı mütəmadi olaraq dəyişilir”.

Komitə rəsmisinin sözlərinə görə, təsərrüfat subyektlərində keyfiyyətsiz, sertifikatlaşdırılmamış, normativ sənədlərin tələblərinə cavab verməyən, bəzi hallarda isə insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların istehsalı, bu məhsulların hazırlanmasının reseptura və texnoloji təlimatların, qablaşdırma, markalanma, daşınma və saxlama qaydalarının kobud surətdə pozulması faktları aşkar edildiyi hallarda komitə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Belə ki, normativ sənədlərin tələblərinə cavab verməyən məhsul partiyasının satışı qadağan edilir, aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı müəssisələrə  müəyyən müddət verilir, zəruri hallarda isə sahibkarlıq subyektində məhsulların istehsalı və satışı dayandırılır. Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə İnzibati Xətalar Məcəlləsi   ilə inzibati qaydada cərimələr (fiziki şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək miqdarda) tətbiq edilir.

İstehlak bazarının keyfiyyətsiz, təhlükəli mallardan qorunması məqsədi ilə  qanunvericiliklə müəyyən edilmiş  qaydada  yeyinti məhsulları, o cümlədən dondurma və sərinləşdirici içkilər istehsalı ilə məşğul olan təsərrüfat subyektlərində mütəmadi olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən dövlət nəzarəti tədbirləri həyata keçirilir.

“Dondurma və sərinləşdirici içkilər istehsalı ilə məşğul olan təsərrüfat subyektlərində mövsümla bağlı tələbat artdığından tərəfimizdən bu sahəyə nəzarət gücləndirilib”.

Fazil Talıblı istehlakçılar tərəfindən bu məhsulların açıq havada, günəş şuaları altında saxlanılması  barədə hər hansı bir şikayət daxil olmadığını və şikayət daxil olduğu halda qanuna müvafiq tədbirlər aparılacağını vurğuladı.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı