“Eşitdik ki, tamaşa günündən bir gün qabaq polis əməkdaşları əraziyə gəlib qonşularla söhbət aparıblar və onlar da söz veriblər ki, bundan sonra narahatçılıq törətməyəcəklər. Bu məsələnin həllinə yönəlib. Tamaşa günü də polis əməkdaşlarının gəlməməyinə baxmayaraq, qonşular heç bir narahatçılıq törətmədilər, sakitlik oldu. Buna görə də daxili işlər nazirinə rəsmi müraciət etmədik”.
Bunu Modern.az-a açıqlamasında “Oda” Müstəqil Teatrının rəhbəri Elmin Bədəlov deyib. Qeyd edək ki, avqustun 6-da “Oda” teatrında göstərilən “Suicide” (“İntihar”) tamaşası zamanı binanın qarşısında qalmaqal yaşanıb, bir qrup şəxs teatra hücum etmək istəyib.
Teatr rəhbəri E. Bədəlov media vasitəsi ilə insidentlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. O, avqustun 23-də olan növbəti tamaşadan sonra Ramil Usubova rəsmi müraciət etməklə bağlı qərarını verəcəyini bildirmişdi.
E. Bədəlovun sözlərinə görə, hazırda təhlükə arxada qaldığından rəsmi müraciət etmələri gözlənilmir: “Nə vaxta qədər ki, bizə narahatçılıq törətməyəcəklər, rəsmi müraciət etməyəcəyik. Əgər narahatçılıq olarsa, hər-hansı bir təhlükə hiss edərsək əlbəttə ki, münaqişələrlə məşğul olduğu üçün məcburuq ki, Daxili İşlər Nazirliyinə müraciət edək. Hazırda özümüzə qarşı bir təhlükə hiss etmirik. Yüngülvarı təhlükə var idi, o da indi aradan qalxıb”.
Misranə Həsənzadə