Xırdalan şəhəri, 26-cı məhəllədə partlayış qeydə alınıb.
Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. (APA)
****
Xırdalan şəhərində məcburi köçkünlərin yaşadığı binada baş verən partlayışla bağlı əlavə təfərrüatlar bəlli olub. AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Hadisə nəticəsində 3-cü mərtəbə uçub və nəticədə aşağıda olan iki mərtəbə uçqun altında qalıb. Həmin mərtəbələrdə isə 4 ailə - 10 nəfər yaşayır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN), polis və yerli icra strukturlarının əməkdaşları insanları partlayışın qalırlarının altından xilas etməyə çalışırlar. Sakinlər isə təşviş içərisindədirlər.
Partlayışın zərbəsindən qonşu binalara da ziyan dəyib.
AzNews.az-ın əməkdaşına o da bildirilib ki, Vidadi İsmayıl adlı sakin artıq xilas edilib və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.