
“Bakıdan göndərilən 2 təcili yardım briqadası köməyə gedib. Orada əsas xidmət göstərən Abşeron rayonu təcili yardım briqadasıdır. Bizim həkimlər tərəfindən artıq 2 nəfər, Xırdalanda isə 7 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxnaya yerləşdirilib”. Bu barədə Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev Abşerondakı bina partlayışında xəsarət alanlar haqda danışarkən məlumat verib.
Abşeron rayonu Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsindən Modern.az-a verilən məlumatda isə bildirilib ki, hazırda 3 təcili yarım briqadası hadisə yerindədir. Yaralılar barədə dəqiq məlumat yoxdur.
Baş vermiş hadisəylə bağlı isə “Azəriqaz İB”nin mətbuat xidmətinin rəhbəri Araz Ağyev Modern.az-a hazırda araşdırma aparıldığını, hadisənin qaz sızmasından və ya başqa bir səbəbdən baş verməsi barədə ilkin məlumatların olmadığını söyləyib.
Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
Gülşən RAUFQIZI