Türkiyənin Ərciyə Universiteti Erməni Araşdırmalar Bölümünün rəhbəri, araşdırmaçı jurnalist Qafar Çaxmaqlının işğal olunmuş Azərbaycan ərazilərinə ermənilərin qanunsuz əhali yerləşdirmə siyasətindən bəhs edən kitabı işıq üzü görüb.
Modern. az xəbər verir ki, “İşğal və “ məskunlaşdırma ” fitnəkarlığı “ adlı kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə “Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərə əhali yerləşdirməsi probleminin tədqiq olunması “ layihəsi çərçivəsində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası tərəfindən hazırlanıb. Kitabda ermənilərin işğalçılıq siyasətinin davamı, Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirilməsi kimi məsələlər konkret faktlarla göstərilib.
Kitab ən son dönəmlərdə Qarabağ ərazilərində ermənilərin məskunlaşması ilə yanaşı bu məskunlaşmanın tarixi izlərini də özündə əks etdirir. “Məskunlaşma” anlayışına “erməni baxışı ”nın Qarabağ faktoruna vurduğu zərbələr uzun müddətli peşəkar araşdırmaların məntiqi nəticəsi kimi kitabda öz əksini tapır.
Araşdırmada diqqəti çəkən məsələlərdən biri də Qarabağ probleminin yeni istiqamətləri barəsində mesajların vurğulanmasıdır. Ermənilərin məskunlaşdırılma siyasətinin Qriboyevdən başlanan dönəmindən tutmuş ta bu günə qədər davam edən prosesi və onun Azərbaycan – Qarabağ üçün mənfi amilləri kitabda peşəkarlıqla araşdırılıb.
Elmin Nuri