Mənim xoşbəxtlik elementim daima tələbə olmağımdır”. Modern.az xəbər verir ki, bunu Qubada keçirilən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”ndə Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyib.
O, iştirakçılarla universitet yaratmaq təcrübəsini bölüşüb: “Amerika ali təhsil sistemində liderdir. Mən də həmin sistemdən istifadə etməyə çalışdım. Biz universiteti yaradanda və yeni fənlər tədris etməyə başlayanda Təhsil Nazirliyi ilə problem yaranırdı. Çünki onun öz standartları var idi”.O, kredit sisteminin tətbiqindən də danışıb: “Biz 1993-cü ildə kredit sistemini tətbiq etdik. Bu sistem bizim təhsil üçün yenilik idi. Daha sonra Təhsil Nazirliyi bizdən xahiş etdi ki, bu sistem barədə treninqlər keçək. Biz də Azərbaycan universitetlərinin əməkdaşların treninq keçirdik”.
Rektor universiteti xarci təcrübəylə qurmasına baxmayaraq, mədəni dəyərlərimizi qoruyub saxlamağa çalışdıqlarını deyib: “Xarici dildə ünsiyyət quranda, xarici mədəniyyətə köklənəndə milli-mənəvi dəyərlərə yadlaşma gedir.Milli-mənəvi dəyərləri, mədəniyyətimizi unutmaq olmaz. Biz bütün fakültələrə Azərbaycan universitetlərində olan dərs proqramlarından tamam fərqli proqram tətbiq etdik. Biz təhsil qanununda olmayan iki fənni bütün fakültələrin dərs saatına Azərbaycan ədəbiyyatı və seçmə fənn olaraq Azərbaycan mədəniyyətini daxil etdik. Məsələn Arif Babayev tələbələrə muğamdan dərs deyir”.
H.İsaxanlı deyir ki, Azərbaycanda təhsilin keyfiyyətini ölçən müstəqil qurum olmalıdır: “Təhsilin keyfiyyətini ölçən müstəqil bir akkreditasiya sistemi olmalıdır. Bu qurum nə Prezident Administrasiyasında, nə də Təhsil Nazirliyində olmalıdır. Azərbaycan universitetlərinin idarə edilməsində sərbəstlik verilməlidir. Azərbaycan universitetlərinin rektorlarının gücü, Amerika universitetlərinin rektorunun gücündən çoxdur. Bizdə rektor nə istəsə edə bilər, Amerikada isə yox. Amma bizdə özümüz sərbəst diplom verə bilmirik, kafedra yarada bilmirik, sərbəst tələbə qəbul edə bilmirik”.
Qeyd edək ki, “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” sentyabrın 13-ə qədər davam edəcək.
Rüfanə GÜNƏŞ