“Barəmdə redaksiyalara göndərilən anonim məktublardan xəbərim var. Onları yazanın kimliyini də bilirəm”. Bunu Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov mətbuatda barəsində yazılanlara münasibət bildirərkən söyləyib:
“Xaricə gedəndə Səhiyyə Nazirliyinə məktub göndərib rəsmi icazə almışam. Xəstəxana isə başsız qalmayıb. Xaricə getməyim də öz hesabıma, sırf işlə bağlı olub. Burada olmadığım müddətdə məni əvəz edə biləcək yetərincə savadlı həkimlər var”.
“Bəli, xəstəxanada pul yığılıb”
Baş həkim xəstəxanada pul yığılması faktını etiraf edib: “Bu, bütün müəssisələrdə var, çatışmayan bir şey olanda, məsələn, təmizlik işləri personalın köməyi ilə həyata keçirilir. Lakin bu, tələb formasında olmayıb. Yığılan pullar isə sırf xəstəxananın daha yaxşı hala gətirilməsinə xidmət edib. Burada təhlükəsizlik kamerası yox idi, xəstələr bir-birinin yeməyini oğurlayırdı, özbaşınalıq vardı, həkimləri xəstələrin yaxınları döyürdü. Bütün bunların qarşısını almaq üçün yığılan pula təhlükəsizlik kameraları quraşdırılıb. Təkcə bu ay klinika üçün öz hesabımıza yataq dəsti almışıq. Dövlət hamısını verir, amma istifadəyə yararsız hala düşənlərin yenilərilə əvəzlənməsi üçün müəyyən vaxt lazımdır ki, nazirliyə yazıb bildirəsən. Ona qədər isə burada olan xəstələri pis şəritdə saxlaya bilmərik. İstənilən halda yığılan pullar siyahıya alınır, hara nə qədər xərclənib hamısı qeyd olunur. Maraqlananlar müraciət edə bilərlər”.
“İşdən çıxarılanlar 1-2 manat alıb xəstə yaxınlarını reanimasiyaya dolduranlardır”
“Xəstəxanada ciddi rejim yaratdığıma görə mənə kobud deyiblər. Mən bir neçə ay əvvəl bura təyin olunanda reanimasiyada ( hansı ki, ora maskasız, baxılsız, xalatsız girmək olmaz) xəstə yaxınları siqaret çəkir, qadınlar yerdə bardaş qurub yemək yeyirdilər. Bu özbaşınalıqları aradan qaldırdığım üçün məndən narazıdılar. İşdən çıxarılan tibb bacılarına gəldikdə, bəli, çıxarmışam. Səbəb isə bu olub: mən xəstəxanadan çıxan kimi xəstə yaxınlarından 1-2 manat alıb içəri buraxıblar. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq öz bildiklərini etdiklərinə görə 2 tibb bacısını dərhal işdən azad etdim. Dünən çıxarılan tibb bacısı isə xəstəyə vurulası olan iynəni vurmayıb, amma vurmuş kimi göstərirdi. Xəstə üçün lazımi iynə vurulamamışdı”.
Məsələ baş həkimin vurulan iynənin ampulasını tələb edəndə meydana çıxıb. Tibb bacısı preparatın adını siyahıya yazıb, amma iynə vurulmayıb:
“Ərizəsini yazıb işdən çıxdı. Başqa cür ola da bilməz. Tövsiyə edərdim ki, sərsəmliklərini davam etdirməsinlər”.
Qeyd edək ki, Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov barədə müxtəlif redaksiyalara, o cümlədən Modern.az-a anonim məktub göndərilib. Lakin mənbəyi məlum olmadığından Modern.az həmin məktubu dərc etməyib. Məktubda baş həkimə qarşı ciddi ittihamlar irəli sürülərək həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 manat tələb etdiyi, səbəbi göstərilmədən bir neçə tibb bacısının işdən azad olunduğu iddia edilib.
Gülşən RAUFQIZI