“Müsavat Partiyasında qurultay öncəsi başqanlıq postu uğrundakı namizədlər arasındakı mübarizə nizamnaməyə uyğun həyata keçirilir. Başqanlıq uğrundakı mübarizə normal seçki rəqabətidir və istənilən seçkilərdə bu cür proseslərin baş verməsi təbiidir”.
Bunu Modern.az saytına Müsavat Partiyası başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu deyib. O, Müsavat başqanlığına namizədlərdən hansının şanslarının çox olması barədə də danışıb. Partiya rəsmisi bildirib ki, hazırda konkret olaraq ad çəkmək düzgün olmaz. “Hələ ki təbliğat prosesi gedir. Seçkiyə bir həftə qalanda namizədlərin şansları haqqında konkret, aydın fikir bildirmək olar”.
M. Cavadoğlu özünün səs verəcəyi namizədinin olduğunu desə də, ad çəkməkdən imtina edib. Onun sözlərinə görə, vaxtı gələndə bu barədə mövqeyini açıqlayacaq. Partiya təmsilçisi yeni başqan seçiləcəyi təqdirdə onun komandasında qalıb-qalmayacağı məsələsinə isə belə cavab verib:
“Seçkilərdən sonra bu məsələlər ətrafında fikirləşəcəm və ondan sonra bu suala aydın cavab verəcəm”. Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də qurultayı nəzərdə tutulur. Qurultayda partiya özünə yeni başqan seçəcək. Başqanlığa namizədlər isə Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslı və Səxavət Əlisoydur.
Aqşin Kərimov