Bakı şəhər İcra Hakimiyyəti Müsavata Partiyasının qurultayla bağlı müraciətinə cavab verib. Meriya növbəti dəfə Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evini qurultay üçün Müsavata məsləhət görüb.
Partiya başqanının müavini Gülağa Aslanlı Modern.az saytına açıqlamasında bildirib ki, hazırda qurultayın keçiriləcəyi məkanla bağlı Müsavatda yekun rəy yoxdur. Onun sözlərinə görə, Müsavat Bakı meriyasının cavab məktubunu qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında müzakirə edəcək.
O, iclasın konkret nə vaxt keçiriləcəyini isə deməyib: “Ola bilər ki, gələn həftənin birinci günü olsun. İclas bu həftə də baş tuta bilər. Hələ dəqiq deyil”.
Qeyd edək ki, bundan əvvəl Bakı meriyası Müsavata adıçəkilən yeri göstərsə də, partiya qəzalı vəziyyətdə olmasını əsas gətirərək orada qurultay keçirməkdən imtina etmişdi. Bu səbəbdən qurultayın Müsavatın öz qərargahında keçiriləcəyi də istisna olunmurdu.
Aqşin Kərimov