“Yaxın bir-iki gündə başqanlığa namizədliyimlə bağlı rəsmi prosedur həll olunacaq”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının başqanlığa namizədi Səxavət Əlisoy deyib. O, partiyada qurultayqabağı baş verən prosesləri də şərh edib. Səxavət Əlisoyun sözlərinə görə, proses çox normal gedir.
O, Müsavatda başqanlıq postu uğrunda mübarizəyə qoşulan namizədlərin rəqabətinin partiya daxilindəki qüvvələr arasında qarşıdurma yaratdığı barədə iddialara da cavab verib.Onun fikrincə, partiya daxilində bir-birini həzm edə bilməyən qüvvələr var və bu, təbiidir: “Xarici ölkələrdə də bütün partiyalarda qarşıdurmalar, bir-birini həzm etməyən qüvvələr olur. Müsavat da belə partiyalardan biridir. Müsavat üzvlərinin hamısı monolit şəkildə bir yerə toplanan, şərəf andı içən əlahiddə bir partiya deyil. Önəmli olan başqanlığa namizədlərin ortaya qoyduğu Müsavatın strateji cizgiləridir”.
Səxavət Əlisoy Müsavata başqasının başqan seçiləcəyi təqdirdə özünün partiyadan istefa verməsi haqqında suala da aydınlıq gətirib. Onun sözlərinə görə, kimin başqan seçilməyindən asılı olmayaraq, partiyanın üzvü kimi qalacaq. Lakin o, istefasına səbəb ola biləcək nüansları da açıqlayıb:
“Partiyadan getmək qurultayla bağlı məsələ deyil. Partiyanın siyasi xəttində hər hansı bir qəbul edilməyən məqamlar olduqda, partiya daxilində baş verən proseslər öz məcrasından çıxdığı və qırmızı xəttin keçildiyi halda üzvlər təmsil etdiyi qurumda qalıb-qalmamaq barədə düşünürlər. Amma Müsavatda belə proseslər baş vermir. Hələlik örtülü söz savaşı gedir”.
Qeyd edək ki, Müsavat Partiyasının qurultayı sentyabr ayının 27-nə nəzərdə tutulur. Qurultayda partiya özünə yeni başqan seçəcək. Başqanlığa iddialılar isə Arif Hacılı, Səxavət Əlisoy, Qubad İbadoğlu və Tural Abbaslıdır.
Aqşin Kərimov