
"Müəllimlərin sınaq qiymətləndirilməsi imtahanında iştirak etməyən müəllimlər üçün sentyabrın 20-də növbəti qiymətləndirmə prosesi aparılacaq".
Modern.az saytı xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında hesabat verərkən deyib. Onun sözlərinə görə, 30072 müəllim sınaq qiymətləndirilməsinə cəlb olunub:
"Onlardan 96 faizdən çoxu imtahanda iştirak edib. Müəllimlərdən 14, 4 faizi zəif, 85, 6 faizi qənaətbəxş, 18, 2 faizi isə yüksək nəticə göstərib".
Müdir əvəzi Elnur Əliyev onu da qeyd edib ki, eksternat imtahanının nəticələrinə görə 92 nəfər attestat, 21 nəfər isə şəhadətnamə alıb. 2013-2014-cü dərs ili ərzində neqativ hallara görə 7 məktəb direktorunun və 3 direktor müavininin vəzifələrindən azad oldunduğunu deyən E.Əliyev qeyd edib ki, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub".
Sağlam təhsil sinfi layihəsindən danışan qurum rəsmisi əlavə edib ki, proqrama görə, 10000 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulub və artıq 2500 şagird həkim müayinəsindən keçib.
Məltəm TALIBZADƏ