Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bir müddət əvvəl “Psixoloji xidmət haqqında” qanun layihəsinin qəbul edilməsi təklifini verib. Plenar iclasların birində çıxış edən deputat deyib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur:
“Bəzi ölkələrdə vətəndaş ayda 3 dəfə psixoloq xidmətinə müraciət edir. Azərbaycanda da bu məsələyə diqqət yetirilməlidir. Gənclərin bir sıra terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranıb. Bunun qarşısını almaq üçün “Psixoloji xidmət haqqında” qanun qəbul olunmalıdır”.
Maraqlıdır, bu gün adıçəkilən qanunun qəbul edilməsi gündəmdədirmi?
Deputat Musa Quliyev Modern.az-a açıqlamasında bu məsələnin bu il üçün aktual olmadığını deyib: “Psixoloji xidmət haqqında” qanunla bağlı Milli Məclisdə təklif verdim, amma layihə hazırlanmadı. Bu qanun layihəsi gələn il hazır ola bilər”.
Namidə BİNGÖL