“Azərbaycandan Türkiyəyə müalicəyə göndərilən yaralı əsgərlərin müalicə və müayinəsi davam edir. Onların hər birinin xəstəlik xarakteristikası fərqli olduğundan bu, ayrıca zaman alır. Sevindirici haldır ki, səhhətlərində irəliləyiş yüksək səviyyədədir. Hər iki ayağını itirmiş əsgərə protez ayaq taxılması baş tutacaq, amma bildiyiniz kimi, bu uzun mərhələ tələb edən bir məsələdir”.
Bu barədə Modern.az-a Türkiyə Respublikası Baş Nazirliyə bağlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyindən (TİKA) məlumat veriblər.
Mətbuatda əsgərlərin sentyabrın 15-də vətənə qayıdacağı barədə məlumat yer alsa da, TİKA-dan bildiriblər ki, əsgərlərin vətənə nə vaxt qayıdacağına dair məlumat yoxdur.
“Onlar hələ bir müddət də Türkiyədə müalicələrini davam etdirəcəklər”.
Qeyd edək ki, avqust ayının 9-da TİKA-nın dəstəyi ilə Azərbaycanın 3 yaralı əsgəri - Sərxan Tahirzadə, Ədalət Məmmədov və Elvin Əsgərzadə Ankaradan göndərilmiş xüsusi tibbi təyyarə ilə qardaş ölkəyə müalicəyə yola salınıb. Əsgərlərdən biri gözünü itirib, o birinin isə hər iki ayağı amputasiya olunub, 3-cü əsgər isə qarın nahiyəsindən yaralanmışdı.
Gülşən RAUFQIZI