
Sentyabrın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.
Səməd Seyidov universitetdə aparılan islahatlar haqda danışıb. O, ADU-da 6000 tələbənin təhsil aldığını bildirib. Yeni tədris ilində yeni dillərin tədrisinin nəzərdə tutulduğunu deyib, o cümlədən bu tədris ilindən universitetdə macar dilinin tədrisinə başlamasından söz açıb. Rektor ADU-nun tələbə yataqxanasının tam təmir edildiyini, universitetin İnformasiya Resurs Kompleksinin (İRK), İRK-nın Amerika mərkəzinin yenidən açılmasının nəzərdə tutulduğunu sözlərinə əlavə edib. Eyni zamanda Səməd Seyidov Azərbaycandakı inkişaf haqda, iqtisadi yüksəliş barədə söz açıb, Bakıda müxtəlif beynəlxalq forumların keçirildiyini səfirin diqqətinə çatdırıb.
İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak, öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu deyib.
Görüşdə Azərbaycan-İraq münasibətləri, həmçinin ikitərəfli əlaqələr və əməkdaşlığın inkişafı haqda fikir mübadiləsi aparılıb.
Modern.az