Sentyabrın 11-də azərbaycanlı mühacir, ABŞ vətəndaşlığını qəbul etmiş Səid Nurinin intim həyatına dair gizli çəkilmiş videolent yayılıb.
Məsələyə münasibət bildirən Səid Nuri özünün Facebook səhifəsində yazıb ki, ona qarşı kampaniyaya başlayıblar. O, yayılan videoyla bağlı heç bir narahatçılığı olmadığını bildirib:
“Yayılan videolar və şəkillərlə bağlı heç bir narahatçılığım yoxdur. Qız dostumla Azərbaycana ötən ilin mayında birlikdə gəlmişdik, münasibətlərimiz də gizli olmayıb. Sadəcə öz aləmlərində guya, mənə təzyiq edirlər...”.
S.Nurinin sözlərinə görə, yayılan gizli İçərişəhərdəki "King Palace" hotelində çəkilib.
Modern.az xəbər verir ki, sentyabrın 11-də axşam saatlarında Səid Nuri Facebook səhifəsində yazıb ki, o, Azərbaycandan çıxarılır. S.Nuri yazıb ki, hava limanında 7 nəfər onu müşayiət edir. Onun ölkədən çıxması üçün gecəyarısına kimi vaxt qoyulub.
Gecə saatlarında isə o, bildirib: "Saat 5-də zəng edib dedilər bir də buralara gəlməmək şərtilə ölkədən çıxmalısan, təyyarənin salonuna kimi müşayiət etdiler. Hazırda Tbilisidıyım, bu son deyil, bu başlanğıcdır, bunun cavabı mütləq olacaq. Hələlik onu demək istəyirəm ki, miqyası çox böyük olan qurama bir cinayət işində aparıcı bir fiqur kimi dindirilməmdən sonra çoxlarının, hətta vəkillərin də böyük ehtimalla “həbs olunacaqsan” deməsinə baxmayaraq, indi azadlıqda olmamın əsas səbəbkari şübhəsiz Amerika dövləti oldu. Çoxlarının dediyinin əksinə olaraq, məni sona qədər və ən yüksək səviyyədə müdafiə etdi...".
Azərbaycan Baş Prokurorluğu tərəfindən S.Nuriyə ölkədən çıxmaq qadağası qoyulmuşdu. Onun adı QHT-lərdən birinin cinayət işində şahid kimi keçir. ABŞ Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi isə rəsmi Bakıdan Səid Nuri məsələsinə aydınlıq gətirilməsini tələb edib.
S.Nuri əvəllər AXCP-nin gənclər təşkilatının fəallarından olub. 2005-ci ildə həns olunsa da, sonradan ona şərti cəza verilib. Daha sonra Norveç və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycanı tərk edən S.Nuri bir müddət ABŞ-da yaşadı və bu ölkənin vətəndaşlığını aldı. O, ABŞ vətəndaşlığı alandan sonra Azərbaycana tez-tez gəlib-gedir.
Modern.az