Fransa təhlükəsizlik güclərinin ən çox axtardığı adamlardan biri olan Mərakeş əsilli Fransa vətəndaşı Murad Faresin təxminən 25 gün əvvəl İstanbulda tutulduğu və iki gün əvvəl Türkiyə səlahiyyətlilər tərəfindən Fransaya təslim edildiyi ortaya çıxıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraq Şam İslam Dövlətinə (İŞİD) yaraqlı yığan bir şəbəkə qurmaqda günahlandırılan Fares sentyabrın 10-da hakim qarşısına çıxarılıb. 29 yaşındakı Fares Fransaya giriş üçün ehtiyac duyduğu bir sənədi konsulluqdan almaq istəyərkən tutulub. Fransa baş konsulluğu sənəd üçün onlara müraciət edən Muradın istəyini yerinə yetirərkən bununla bağlı təhlükəsizlik güclərinə məlumat verib. O avqustun 16-da Atatürk hava limanında nəzarətə alınıb. Bununla bağlı məlumat Fares Türkiyə səlahiyyətlilər tərəfindən Fransaya qaytarılana qədər gizli saxlanılıb. Fransa səlahiyyətliləri Fares vasitəsilə İŞİD tərəfində döyüşən yaraqlıların şəxsiyyətlərini müəyyənləşdirmək niyyətindədir. Fares bundan əvvəlki açıqlamalarında Fransadan Suriyaya adam yığan ən üst səviyyəli xadimin özü olduğunu iddia edib.
Modern.az