
“Yanğın 2 saylı “ASAN xidmət” mərkəzinin yerləşdiyi inzibati binanın üst mərtəbələrində ( 4-5) baş verdiyindən texniki təhlükəsizlik məsələlərilə bağlı “2 saylı “ASAN xidmət”in fəaliyyəti dayanıb”. Bu barədə Modern.az-a yanğın baş verən Amay ticarət mərkəzinin yerləşdiyi binanın 2-ci mərtəbəsində fəaliyyət göstərən 2 saylı “ASAN xidmət” mərkəzinin informasiya şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, “ASAN xidməti”in özündə heç bir problem yoxdur. “Nə əməkdaşlarımız nə də xidmətə müraciət edən vətəndaşlar arasında xəsarət alan olmayıb. Sadəcə ümumi binada infrostruktur problemləri olduğundan, biz də həmin binanın 2-ci mərtəbəsində yerləşdiyimiz üçün bu gün və sabah xidmət dayandırılıb”.
“2 saylı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlar hazır sənədlərlə bağlı məsələlərini həll etmək üçün sabahdan etibarən Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 saylı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.
“Ümumilikdə digər mərkəzlərimizə müraciətlər qəbul olunacaq”,-deyə informasiya şöbəsinin müdiri əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Amay ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, Bakının Nobel prospektində (keçmiş Fəhlə prospekti) yerləşən AMAY ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb. İlkin ehtimala görə, yanğın ticarət mərkəzində elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
Gülşən RAUFQIZI