
Yeni tədris ili başlandı. Yüzlərlə məktəblərdə olduğu kimi Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim və şagirdləri də ilk tədris gününü sevinclə qarşılayırlar. Ancaq bu sevincin arxasında kövrək hisslərə bürünmüş bir az kədər, bir az da nisgil var. İlbəil böyüdükcə zaman-zaman qisasa çevrilən kədər.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi neçə onilliklər boyu erməni millətçiləri tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qalaraq ağır mübarizələrdən keçib.
80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı məkrli planlarında qarşıda duran ən başlıca vəzifələri ilk növbədə Xankəndini azərbaycanlılardan təmizləmək olub. Təbii ki, şəhərdə fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq isə bu planın tərkib hissəsi kimi önə çəkilib. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi durub.
1945-ci ildən fəaliyyət göstərən bu məktəb Xankəndi şəhərində, erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfku-rəsini daim qoruyub saxlayıb, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb.
Ağır, çətin və keşməkeşli yollar keçən bu təhsil ocağı yarandıqdan sonra fəaliyyətini baxımsız zirzəmi şəraitində başlayıb. Bir müddət keçdikdən sonra məktəb birmərtəbəli, heç bir şəraiti olmayan binaya köçürülüb. Belə yerdəyişmələr məktəbin həyatında adi hala çevrilib. Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəlliklər yaratmaq üçün bütün vasitələrə əl atıblar. Nəhayət onlar Xankəndində bu yeganə Azərbaycan məktəbinin müstəqil fəaliyyətinə problemlər yarada biliblər. Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli orta və rus təhsilli 5 saylı məktəbin bazasında beynəlmiləl məktəb yaradılıb. Məktəbə milliyətcə qeyri-azərbaycanlı direktor təyin edilib. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” də azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilib, bütün qüvvələrini səfərbər edərək Xankəndindəki azərbaycanlı uşaqlarının maarifləndirilməsi üçün əllərindən gələni ediblər. Nəhayət, Xankəndində yaşayan azərbaycanlı ziyalıların qətiyyəti sayəsində 1969-cu ildə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müstəqil fəaliyyəti yenidən bərpa olunub
Bu məktəbin bir məzunu kimi neçə illər ötsə də əziz müəllimlərimin, ilk dəfə mənə qələm tutmağı öyrədən Tahirə Məhərrəmovanın, Sabir Əliyevin, Əkbər Xudiyevin, Məhbubə Əliyevanın, Müşkülat İmanovanın, Nuridə Cəfərovanın, Telli Mirzəyevanın, Xavər Əliyevanın, Nadir Rəşidovun və sözsüz ki, bu məktəbin fəaliyyətində əməkləri heç də az olmayan valideynlərim Cəmil Xudiyevin və Şura Məmmədovanın adlarını böyük ehtiramla çəkirəm.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağı Azərbaycan cəmiyyətinə dövlət xadimi, general-polkovnik Ramil Usubov, əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, 2010-cu ildə 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmiş Flora Qasımova, “Azərbaycan Bayrağı” ordenli, millət vəkili Elman Məmmədov, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya elmləri namizədi Şəfəq Cabbarova, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Şərəf nişanı” ordenı və “Əmək rəşadətinə görə” medalı ilə tətlif olunmuş, hazırda 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Hacıyev, texnika elmləri namizədi, dosent Rəşid Haşimov, yazıçı-publisist, əməkdar jurnalist Hikmət Xudiyev, tibb elmləri namizədi Səidə Zeynalova, əməkdar mühəndis Kamil Xudiyev, dəyərli tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, istedadlı jurnalist və naşir Vasif Quliyev, Əməkdar mühəndis Ziyəddin Quliyev kimi dəyərli vətəndaşlar bəxş edib.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi həm də öz qəhrəman məzunları ilə fəxr edir. Təhsil ocağının məzunları respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə şücaətlər göstərib, xalqımızın qəhrəmanlıq tarixinə yenu səhifələr yazıblar. Məktəbin 40-a yaxın şagird və məzunu şəhidlik zirvəsinə ucalıb. Bu təhsil ocağının məzunları olan Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Nizami Məmmədovun həyat yolları bu gün hər bir Azərbaycan gəncinə örnəkdir.
Təəssüflər olsun ki, 1988-ci ilin sentyabr ayında erməni millətçilərinin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin fəaliyyətinə son qoymaq cəhdi baş tutdu. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq məktəbin fəaliyyətini bərpa etmək mümkün olmadı.
Beləliklə Qarabağ münaqişəsi, ermənilərin təcavüz siyasəti Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin, onun müəllimlərinin və məzunlarınının taleyinə beləcə ağrılı-acılı səhifələr yazdı.
25 illik fasilədən sonra xankəndililərin istəyi, doğma məktəblərinin fəaliyyətinin yenidən bərpa olması arzusu həyata keçdi. Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətləri prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olundu. Sərəncama əsasən Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində müasir standartlara uyğun məktəb inşa edilib istifadəyə verildi.
Hazırda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi xankəndililərin ən doğma məkanlarından birinə çevrilib. Tez-tez bu məktəbə yığışan xankəndililəri bu məkanda görüşdürən bir istəkdi-tezliklə doğma torpaqlara qayıtmaq istəyi...

İlham Cəmiloğlu