Orta məktəblərdə məntiq fənni bu il də keçirilməyəcək. Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi məktəb proqramında məntiq fənni yoxdur:
“Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində ümumi təhsil pilləsinin heç bir səviyyəsində ayrıca “Məntiq” fənninin tədrisi nəzərdə tutulmayıb. Bununla belə, xüsusi istedada malik şagirdlərin məntiqi təfəkkürünü daha da inkişaf etdirmək məqsədilə bəzi lisey və gimnaziyalarının tədris planlarına “Məntiq” xüsusi kurs kimi daxil edilib. Onu da bildiririk ki, təhsil sahəsində islahatlar həyata keçirilməyə başlandıqdan sonra ümumi təhsilin əsas məqsədlərindən biri bilavasitə şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi, onlarda düşünərək qərar qəbuletmə bacarığının formalaşdırılması olub. Bu səbəbdən ümumi təhsil pilləsində tədris olunan bütün fənlərin məzmununda şagirdlərin məntiqi təfəkkürünün, idrakı bacarıqlarının inkişafına xidmət edən mövzular öz əksini tapıb. Bu mənada hər hansı bir seçim prosesində məzunlara məntiqi sualların verilməsi normal hal kimi qəbul olunmalıdır.”
Elmin Nuri