
Sentyabrın 15-də - Bilik günündə Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident və xanımı əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Qeyd edilib ki, 1961-ci ildə inşa olunan məktəbdə əvvəllər 800-dən çox uşağın oxuyurdur və dərslər iki növbədə aparılırdı. 2011-ci ilin avqustunda dövlət başçısının göstərişilə burada yeni məktəb binası tikilib. İndi bura 1560 şagird yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq. 65 sinif otağının hamısı zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.
Prezident İlham Əliyev məktəbin kollektivi və Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edən ölkə başçısı yeni dərs ili ərəfəsində Bakıda 20-dən çox məktəbdə olduğunu xatırladıb.
”Təmir, tikinti işləri ilə özüm şəxsən tanış oluram. Deyə bilərəm ki, tikilən və təmir olunan bütün məktəblər ən yüksək səviyyədədir. Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilibdir. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir dənə də təmirsiz məktəb olmayacaqdır.
Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə ki, dövlətimizin gücünü göstərir. Bu gün inkişafda olan Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var”.
İlham Əliyev deyib ki, Azərbaycanda sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir.
”Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir”.
“Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir”-deyə president əlavə edib.
İlham Əliyevin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır.
”Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaqdır”.
Modern.az