
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bilik günü münasibəti ilə tanınmış alimlərin bölgələrdə mühazirələrini təşkil edib. "İlboyu bilik" proqramı çərçivəsində millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində ikinci dərsi deyib.
Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, müavinlər Qasım Qasımov, Gülnisə Ələkbərova, Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı rayon YAP təşkilatınin sədri Bəxtiyar Abbasov, rayon ziyalıları və qonşu kəndlərdən bir çox müəllim və şagirdlər iştirak ediblər.
Akademik Kamal Abdulla mühazirəsi məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ziyalıların böyük marağına səbəb olub.
Sonda məktəblilərin suallarını cavablandıran K.Abdulla onlara maraqlı kitablar hədiyyə edib. Məktəbin direktoru Bilik Fondunun Şamaxı rayon üzrə nümayəndəsi Gülnurə Babaşova bütün müəllim və şagirdlər adından Kamal Abdullaya məktəblilərə göstərdiyi diqqət və qayğıya və dolğun mühazirəyə görə təşəkkürünü bildirib.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov isə Gəncə şəhər 43 saylı tam orta məktəbdə “Azərbaycan bu gün və sabah” mövzusunda açıq dərs keçib. Dərs müddətində Oqtay Səmədov məktəblilərə Vətən sevgisindən bəhs edib.
Dərs diskussiya formasında interaktiv şəkildə davam edib. O.Səmədov məktəblilərin suallarını cavablandırıb. Mühazirədən məmnun qalan Bilik Fondunun Gəncə şəhər nümayəndəsi Günay Əliyeva və şagirdlər belə dərslərdə tez-tez iştirak etmək arzusunda olduqlarını dilə gətiriblər.
Açıq dərsdən sonra O.Səmədov Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, yerli ictimaiyyət və ziyalıların iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatını keçirib. Təqdimat mərasimində Fondun layihələri müzakirə edilib, əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Modern.az