
Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri olub. Modern.az saytı xəbər verir ki, AMEA Rəyasət Heyətinin iclasında yeni təyinatlarla bağlı qərarlar qəbul olunub. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub.
Digər bir qərarla kimya üzrə elmlər doktoru Mina Munşiyeva qurumun elmi katibi vəzifəsinə təyin olunub.
AMEA Rəyasət Heyətinin digər qərarları ilə isə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nizamnaməsi və yeni strukturu təsdiq edilib.
AMEA Kibernetika Xüsusi Konstruktor Bürosunun direktoru vəzifəsinə texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev təsdiq edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
Digər bir qərarla Rasim Məlikov AMEA Kibernetika Xüsusi Konstruktor Bürosunun baş mühəndisi vəzifəsinə təyin edilib.
AMEA Rəyasət Heyətinin iclasında qəbul edilən digər qərara görə, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsini akademik İradə Hüseynova icra edəcək.
Qeyd edək ki, Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məqsədilə AMEA-nın 30 iyun 2014-cü il tarixli Ümumi Yığıncağında Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul olunmuşdu.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademik Adil Qəribov AR Prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik Adil Qəribovun ictimai əsaslarla Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində saxlanılması haqqında qərar qəbul edilib.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Modern.az