Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qərargahında Almaniyanın nüfuzlu Helmut Şmit adına Beynəlxalq Siyasət İnstitutunun nümayəndə heyəti ilə fondun rəhbərliyi arasında görüş keçirildi. BAMF-dan Modern.az-a verilən məlumata görə, fondun sədri Umud Rəhimoğlu qonaqlara BAMF-ın fəaliyyət istiqamətləri, bu qurumun Azərbaycandakı vətəndaş cəmiyyəti sektorunun formalaşmasındakı rolu haqqında geniş məlumat verdi. Qonaqlara təşkilatın 20 illik fəaliyyətini əks etdirən videoçarx da təqdim olundu.
U.Rəhimoğlu BAMF-a BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinin xüsusi əhəmiyyət daşıdığını, bu amilin fondun beynəlxalq miqyasda geniş fəaliyyət göstərməsinə geniş imkanlar açdığını qonaqların diqqətinə çatdırdı. Nümayəndə heyətinin rəhbəri, Helmut Şmit adina Beynəlxalq Siyasət institutunun rektoru August Pradetto öz növbəsində belə bir görüşün baş tutmasına görə minnətdarlığını bildirdi. Cənab Pradetto, əsas məqsədlərinin Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin tənzimlənməsində vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə geniş məlumat toplamaq olduğunu söylədi.
Nümayəndə heyətinin üzvlərinin həm Qarabağ münaqişəsi, həm də rəhbərlik elədiyi təşkilatın fəaliyyəti barədə suallarına cavab verən U.Rəhimoğlu Azərbaycanın münaqişənin həllində həmişə dialoqa üstünlük verdiyini, sülhə can atdığını bəyan elədi. Bununla belə bizim doğma torpaqlarımızda, yaşadığımız evlərdə işğal nəticəsində yerləşən əli silahlı ermənilərlə danışığın mümkünsüzlüyünü də xüsusi vurğuladı. Qarabağ münaqişəsinin alovlanması tarixindən açıq qarşıdurmalara keçən müddətədək Sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi cinayətlər, həm Ermənistandan qaçqın düşən, həm də işğal olunmuş torpaqlarımızdan məcburən çıxarılan azərbaycanlıların üzləşdiyi ağrılı hadisələr haqda qonaqlara geniş məlumat verildi.
Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi bu ağrılı-acılı hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində beynəlxalq media strukturları ilə sıx əməkdaşlıq edən BAMF-ın oynadığı rol vizual olaraq, tarixi videokadrlar vasitəsilə qonaqlara təqdim edildi. U. Rəhimoğlu qonaqlara üzünü tutaraq bildirdi ki, məhz ünsiyyət, dialoq ölkə və insanlar haqqında obyektiv və ədalətli informasiyaların yayılmasında, məqalələrin hazırlanmasında əsas rol oynayır. Görüşdən sonra BAMF-ın qərargahı ilə tanış olan Almaniyadan olan nümayəndə heyətinin üzvləri görüşdə əldə etdikləri təəssürat və məlumatları öz həmkarları ilə bölüşəcəklərinə söz verdilər.
Qeyd edək ki, 8 ilə yaxın Fedarativ Almaniyanın baş naziri olan Helmut Şmitin adını daşıyan Universitet Almaniyanın ən qabaqcıl Universitetlərindən biri sayılır. Almaniya üçün texniki və humanitar sahələr üzrə mütəxəssislər hazırlayan bu universitetdə xeyli sayda xarici tələbə də təhsil alır. Hər il 200-dən çox xarici tələbə bu tədris ocağını bitirərək, öz ölkələrinə qayıdıb dövlət və özəl strukturlarda fəaliyyətlərini davam etdirirlər.

