“Kulinariya və mədəniyyətlə bağlı digər verilişlərin yayımlanmasında hər hansı qurumdan icazə almaq məsələsi qanunda əks olunmayıb”. Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, televiziya nümayəndələri ilə Mədəniyyət və Turizm Nazirliyi arasında müxtəlif mədəni verilişlərin hazırlanması ilə bağlı görüş keçirilib. “Musiqi və kulinariya məsələlərində bağlı müəyyən məsləhətləşmələr telekanallarda proqramların keyfiyyəti müsbət təsir edə bilər”. N. Cəfərov vurğulayıb ki, kulinariya verilişlərinin yayımlanmasına nəzarət və qanunda qadağalar tətbiq olunması hüquq pozuntusudur. Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov mediada dəfələrlə bildirib ki, mətbəx verilişlərinin efirdə yayımlanması üçün rəhbərlik Mərkəzdən icazə alınmalıdır. O, bu iddiasını “Mədəniyyət haqında” Qanunun 37-ci maddəsinə istinadən əsaslandırır. Sözügedən qanunun 37-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qanunla müəyyən edilmiş icra orqanı isə Mədəniyyət və Turizm Nazirliyidir.
Məltəm Talıbzadə